Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçirilən "Azərbaycan sosial müdafiə sisteminin inkişafı: dünən, bugün və sabah" mövzusunda bugünkü beynəlxalq elmi-praktik konfrans çıxışlarla davam edib.
Teleqraf.com xəbər verir ki, konfransda Milli Məclis sədrinin müavini Bahar Muradova, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova, Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin, AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyevin çıxışları dinlənilib.
Daha sonra nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov nazirlik strukturlarında uzun illər çalışmış işçiləri və “sosial elçilər”i təltif üçün təqdim edib.
Tədbirdə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 100 illiyi ilə əlaqədar “Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri barədə məlumat verib.
Müsabiqədə I yeri tutmuş Azad Əliyev ("Həftə içi"), II yeri tutmuş Gülnarə Məmmədova ("Bizim Yol") və Orxan İsrafilov ("İki sahil"), III yeri tutmuş Ziyadxan Həsənov ("AZƏRTAC" İnformasiya Agentliyi), Günel Cəlilova ( "Bakı-Xəbər") və Nardar Bayramova ("Yeni Azərbaycan") diplom və mükafatlar, həmçinin Məğrur Əliyev (“Kaspi"), Aysel Oğuza (“Olaylar"), Minarə Hacıyeva ("Səs" İnformasiya Agentliyi), Mahir Zeynalov ("Xalq Cəbhəsi" ) və Rüfət Sultana ("Mövqe" qəzetinin müxbiri) təşəkkürnamə və həvəsləndirici mükafatlar təqdim olunub.