11 Fevral 2019 12:39
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Nevada ştatında fəaliyyət göstərən nüfuzlu Las Veqas Beynəlxalq Münasibətlər Şurasının dəvətilə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev şura üzvləri qarşısında Azərbaycana dair geniş təqdimatla çıxış edib.

Baş konsulluqdan Teleqraf.com-a verilən məlumata görə, Nevadanın tanınmış ictimai-siyasi xadimlərinin, eləcə də Las Veqasda akkreditə olunmuş müxtəlif ölkələrin baş və fəxri konsullarının qatıldığı tədbirdə N.Ağayev Azərbaycanın coğrafi mövqeyi, müstəqillik tarixi haqqında ətraflı məlumat verərək, ölkəmizin regionda, müsəlman dünyasında və hazırkı beynəlxalq münasibətlər sistemində oynadığı önəmli rolundan bəhs edib.

Baş konsul Ermənistanın ölkəmizə qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə məlumat verərək, münaqişənin yalnız Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarılması ilə ölkəmizin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu vurğulayıb.

Təqdimatdan sonra baş konsul iştirakçıların suallarını cavablandırıb. İştirakçılardan biri, “Röyter” xəbər agentliyinin sabiq müxbiri ötən il Azərbaycana səfər etdiyini və Gürcüstan-Azərbaycan sərhədini keçərkən onun sənədlərini yoxlayan Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşının yüksək bilik səviyyəsindən və ingilis dilində sərbəst danışıq bacarığından çox təsirləndiyini bildirib.

Digər iştirakçı isə Azəraycanda keçirilən “Formula-1” yarışlarını daim izlədiyini və Bakının füsunkar gözəlliyini əks etdirən bu yarışların dünyada bənzərinin olmadığını diqqətə çatdırıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər