18 Fevral 2019 18:25
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab İlham Əliyev bu gün Sumqayıta səfəri çərçivəsində “SOCAR Polymer”in yüksək sıxlıqlı polietilen zavodunun açılışında iştirak edib. Bu zavod ötən il açılışı olan polipropilen zavodunun davamı idi. Cənab Prezidentin qeyd etdiyi kimi, beləliklə, “SOCAR Polymer” tam gücü ilə işə başlayır.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, 2019-cu il yanvarın 16-da açılışı olan “SOCAR karbamid” zavodu ilə “SOCAR Polymer”in yüksək sıxlıqlı polietilen zavoduna 1,6 milyard dollar sərmayə qoyulub ki, bu da çox böyük rəqəmdir:

“Bu zavodların açılışı Azərbaycanda sürətli sənayeləşmənin getdiyini göstərir. Ölkədə sənaye müəssisələrinin sayı artır. Sənaye sahəsində istehsal çoxalır. Bu da yeni dəyərin əldə edilməsinə imkan yaradır. Məsələn, neft-qaz ixracından birbaşa valyuta gəlir. Ancaq təkcə neft-qaz ixracı yox, “SOCAR Polymer”də neft-qazı emal edib hazır məmulatların ixracından da əlavə dəyər əldə etmək mümkün olacaq. Bu, ölkəmizə əlavə valyuta gətirəcək. “SOCAR Polymer”in tam gücü ilə işə başlaması ixrac yönümlü məhsulların istehsalı ilə yanaşı, 500-ə yaxın yeni iş yerinin yaradılması deməkdir”.
A.Badamov onu da bildirib ki, Sumqayıt ərazisində yeni sənaye müəssisələrinin yaranması şəhərin müasirləşməsinə gətirib çıxarır:

“Cənab prezidentin qeyd etdiyi kimi, Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir. Belə böyük müəssisələr Sumqayıtda sosial vəziyyətin yaxşılaşmasına gətirib çıxarır. Həmçinin ölkədə qeyri-neft sektorunun sənayeləşməsini, sənayedə artımların yüksək olmasını şərtləndirir. 2018-ci ildə qeyri-neft sektorunda sənaye istehsalı 9 faizdən çox artmışdısa, 2019-cu ilin ilk ayında qeyri-neft sənayesində artım 14 faizə yaxın olub. Bu da təbii ki, açılışı keçirilən yeni zavodların, fabriklərin sayəsində əldə edilib”.

A.Badamov onu da bildirib ki, yeni zavodların açılışı, yeni rezidentlərin meydana gəlməsi, əlavə dəyərin ortaya çıxarılması Azərbaycan iqtisadiyyatını daha da gücləndirəcək, makroiqtisadi sabitliyi təmin edəcək və yeni uğurlara imza atmağımıza imkan yaradacaq.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər