Peru Konqresinin Peru-Azərbaycan dostluq qrupu və Azərbaycanın bu ölkədəki səfirliyinin birgə təşəbbüsü ilə təşkil edilmiş tədbirdə Konqresin dostluq qrupunun üzvləri, Peruda akkreditasiya edilmiş səfirliklərin rəhbərləri və əməkdaşları, həmçinin KİV nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində iştirakçılar Xocalı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Konqresin Azərbaycan-Peru dostluq qrupunun sədri Dalmiro Palomino çıxış edib. O, Peru-Azərbaycan münasibətləri haqqında məlumat verib, Azərbaycanın sürətlə inkişaf etdiyini deyib və bu işdə ölkə rəhbərliyinin uğurlu siyasətini xüsusi vurğulayıb. Sədr Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri haqqında məlumat verib. O, bu münaqişənin regionun təhlükəsizliyi, layihələr üçün təhlükə, əməkdaşlıq üçün maneə olduğunu vurğulayıb.
Xocalı faciəsi zamanı yüzlərlə günahsız azərbaycanlının qətlə yetirildiyi və xalqımıza qarşı xüsusi amansızlıqla törədilən bu qətliamın XX əsrin ən dəhşətli faciələrindən biri olduğu nəzərə çatdırılıb. D.Palomino Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini qətiyyətlə pislədiyini vurğulayıb, beynəlxalq təşkilatları Azərbaycanın işğal edilmiş torpaqlarını geri qaytarmaq və Qafqaz regionunda sülh və əmin-amanlığı təmin etmək üçün zəruri addımlar atmağa çağırıb.
Ölkəmizin Perudakı müvəqqəti işlər vəkili Mehdi Məmmədov çıxışında iştirakçılara Azərbaycan xalqı ilə həmrəy olduqlarına görə minnətdarlığını bildirib, onlara 27 il əvvəl Xocalıda baş vermiş faciəli hadisələr və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri haqqında məlumat verib. Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğu, Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox insanın öz doğma torpaqlarından qovularaq məcburi köçkün və qaçqın həyatı yaşadığı nəzərə çatdırılıb.
Diplomat qeyd edib ki, Xocalı soyqırımı yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biridir. O bildirib ki, Xocalı faciəsi ilə bağlı həqiqətlər dünya ictimaiyyətinə daha geniş çatdırılır və bir sıra ölkə və beynəlxalq təşkilatlar tərəfindən bu faciə soyqırımı kimi tanınıb. Perunun həmin dövlətlər sırasında olduğu məmnunluq hissi ilə qeyd edib.
Müvəqqəti işlər vəkili Azərbaycanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri çatdırmaq məqsədilə apardığı diplomatiya və informasiya siyasəti haqqında, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, dünya birliyinə erməni vəhşiliklərini çatdırmaq işində müstəsna rolu olan “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası haqqında məlumat verib. O qeyd edib ki, ölkəmiz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında nizamlanmasının tərəfdarıdır. Azərbaycanın ərazi bütövlüyü beynəlxalq ictimaiyyət tərəfindən tanınır. Ermənistan ordusunun Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin, habelə Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini və Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən qətnamələrinin mövcud olduğu qeyd edilib. Bildirilib ki, bütün bunlar münaqişənin həlli üçün əsasdır.
Tədbirdə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Xocalıya ədalət!" videoçarxı nümayiş etdirilib və Xocalı soyqırımı ilə bağlı material paylanılıb.
Sözügedən tədbir haqqında məlumat Peru Konqresinin rəsmi internet səhifəsində, televiziya kanalında, həmçinin sosial şəbəkələrdə geniş işıqlandırılıb.