Bu fərmanla Prezident İlham Əliyev bir daha dövlətimizin sosial yönümlü siyasət həyata keçirdiyini, şəxsən Prezidentin vətəndaşlara dəstəyinin və humanistliyinin miqyasını ortaya qoydu.
Bu barədə Axar.az-a Teleqraf Media Qrupunun rəhbəri, əməkdar jurnalist Aynur Camalqızı Prezident İlham Əliyevin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı imzaladığı fərmanı şərh edərkən deyib.
A.Camalqızı bildirib ki, Prezidentin bu fərmanını büdcəsi Azərbaycanın büdcəsindən qat-qat yüksək olan böyük dövlətlərdə verilmiş bənzər qərarlarla müqayisə etdikdə, ortaya inanılmaz bir mənzərə çıxır:
“Belə ki, bu fərmanın əhatə etdiyi güzəşt paralel nümunələrdən qat-qat yüksəkdir. Əvvəla onu qeyd edək ki, problemli kreditlərin həcminin 1 milyard 800 milyon manat olduğu deyilir. Prezident isə məhz bu problemli kreditlər üçün büdcədən 700 milyon manat ayırır. Bu, təxminən borcların 40%-ə qədərinin ödənilməsi deməkdir.
Bundan başqa, dövlət qalan kredit borcunun ödənilməsi üçün külli miqdarda əlavə vəsait ayırır və vətəndaşlar üçün 5 il müddətinə simvolik - 1 faizlik kredit xətti açılır ki, onlar 1 faizlik kreditlərdən yararlanaraq, borclarını rahatlıqla qaytara bilsinlər. Nəzərə alsanız ki, hazırda banklar 20-28 faizlə kreditlər təklif edir, onda bu fərmanın vətəndaşlarımıza nə qədər böyük dəstək olduğunu təsəvvür edə bilərsiniz”.
Aynur Camalqızı fərmanda daha bir misilsiz məqamın olduğunu diqqətə çatdırıb:
“Prezidentin bu inqilabi qərarının ən möhtəşəm hissəsi odur ki, hətta devalvasiyadan sonra kreditlərini ödəyənlərə də bu güzəştlər tətbiq ediləcək. Yəni əgər vətəndaş devalvasiyalardan sonra əziyyətə qatlaşaraq, böyük xərc çəkərək kreditlərini ödəyibsə, indi kompensasiyasını alacaq. Bu, böyük bir ədalət nümunəsidir. Yəni Prezidentimiz heç bir ayrı-seçkilik qoymur, o kreditləri vaxtında əziyyətlə qaytaranlar da güzəştdən kənarda qalmır. Bu, dünyada misli görünməmiş bir qərardır.
Belə deyək, problemli kreditini bağlamış vətəndaş bu qərardan sonra oturduğu yerdə vaxtilə ödədiyi məbləğin bir hissəsini gözləmədiyi halda geri alacaq”.
Politoloq Prezident fərmanının maddi üstünlüyü ilə yanaşı, mənəvi xarakterini xüsusi vurğulayıb:
“Bu fərman əhalinin sosial vəziyyətinə çox müsbət təsir göstərəcək, əlbəttə. Ancaq mən daha çox psixoloji, mənəvi məqamlara toxunmaq istərdim. Təsəvvür edin, neçə-neçə vətəndaşımız problemli kreditlərə görə açılmış məhkəmə çəkişmələrindən, vəkillərə pul tökməkdən, dəbbə pullarından xilas oldu. Bu fərmanla banklar və məhkəmələr tərəfindən bu vaxta qədər mövcud olan qanunlara uyğun vətəndaşlara edilən təzyiqlərin hamısı aradan qalxdı. Bu, birbaşa və dolayısı ilə bütün ailələrə təsir edəcək fərmandır və insanlarda dövlətə, Prezidentə mövcud böyük bir güvəni daha da möhkəmləndirir. Vətəndaş hər zaman dövlətinin, Prezidentinin onun yanında olduğunu hiss edir. Bu, vətəndaşda böyük qürur, iftixar hissi doğurur və mənəvi-psixoloji rahatlıq gətirir. İlham Əliyevə ümumxalq sevgisinin mənbəyini axtaranlara daha bir nümunədir bu! Xalq bütün fərmanları, addımları, jestləri ilə daim onun rifahı, xoşbəxtliyi üçün çalışan liderini daim sevəcək”.