2 Sentyabr 2014 18:20
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı 2015 Avropa Oyunları yüksək keyfiyyətli süd təchizatçısı olan “Milla” şirkətini I Avropa Oyunlarının rəsmi tərəfdaşı elan edib.

Sazişə əsasən “Milla” şirkəti Azərbaycanda 5000-dən artıq dükanda reklam işi aparacaq, bütün məhsullarının və işçilərinin uniformalarının üzərində “Bakı 2015” loqosunu daşımaqla Bakı 2015 Avropa Oyunlarına öz dəstəyini göstərəcək.


Həmçinin daxilində dondurmaların olacağı furqonlar vasitəsilə də şirkətin məhsulları Bakı 2015 yarışlarının keçiriləcəyi obyektlərdə mövcud olacaq. Şirkət televiziyada geniş reklam kampaniyası aparmaqla da Avropa Oyunlarını dəstəkləyəcək.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, “Milla” Azərbaycanda tanınmış və çox sevilən brenddir: “Biz onları Oyunların rəsmi tərəfdaşı kimi salamlamaqdan məmnunuq. Şirkətin tanınmış məhsulları birinci Avropa Oyunları ilə bağlı maraq və həyəcanımızı bütün ölkə ərazisindəki milyonlarla idman azarkeşləri ilə bölüşməkdə bizə kömək edəcək”.


Əməkdaşlığa görə “Milla” şirkəti təbliğat işləri aparmaqla və ölkənin hər yerinə mallarını çatdırdığı furqonların üzərində Bakı 2015 brendini təsvir etməklə bütün Azərbaycan ərazisində Avropa Oyunlarının reklamını həyata keçirəcək.


“Milla” şirkətinin İdarəetmə üzrə direktoru cənab Filip Rayt qeyd edib: “Biz Bakı 2015 Avropa Oyunlarının rəsmi tərəfdaşına çevrilməklə Oyunlar ailəsinə qoşulduğumuza şadıq. “Milla” brendi Azərbaycan xalqına Avropa Oyunlarının yüksək standartlarına uyğun gələn bir sıra yüksək keyfiyyətli, sağlam və innovativ süd məhsulları təklif edir. Avropa Oyunları Azərbaycanın tarixinə heyrətamiz anlar kimi daxil olacaq və biz bütün Avropanın zövq alacağı idman yarışlarına gedən yolun bir hissəsi olduğumuz üçün fəxr edirik”.


Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Kommersiya şöbəsinin direktoru Çarli Viceratna əlavə edib ki, “Milla”nın Azərbaycanda güclü nüfuza malik olması və tanınan bir brend olması göstərir ki, şirkət Bakı 2015-in ideal tərəfdaşıdır və onların dəstəyinə etibar etmək çox gözəldir.


Qeyd edək ki, “Milla” “McDonald`s”dan və “Tickethour”dan sonra Bakı 2015 Avropa Oyunlarının üçüncü rəsmi tərəfdaşı olub.


2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 birinci Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq. Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.


Doqquz idman növü 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, yüngül atletika, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon və voleybol daxildir.


Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunub. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi AOK ilə əməkdaşlı şəkildə Oyunları təşkil və idarə edəcək.

/APA/


Müəllif:

Oxşar xəbərlər