UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü plenar sessiyasında Dünya İrs Mərkəzinin direktoru Mextild Rosslerin illik hesabatı ətrafında müzakirələr başlayıb. Müzakirələrdə də ilk olaraq Norveç təmsilçisi çıxış edib.
Teleqraf.com xəbər verir ki, Norveç nümayəndəsi iyunun 30-da sessiyanın möhtəşəm açılış mərasiminin keçirildiyini bildirib. Norveç nümayəndəsi bir sıra təkliflərini çatdırıb.
Daha sonra çıxış edən Zimbabve təmsilçisi Afrikada yerləşən mədəni irsə diqqət ayrılmasının vacibliyini bildirib.
Macarıstan nümayəndəsi isə Dünya İrs Mərkəzində insan resursları ilə bağlı vəziyyətə görə narahatlığını çatdırıb:
“İşçilərin sayı artırılmalıdır ki, onların gördüyü iş daha effektiv olsun. Biz mərkəzdə islahatlar həyata keçirmək istəyiriksə, bu addımları atmalıyıq".
Sent-Kits və Nevis nümayəndəsi təmsil etdiyi kiçik ada dövlətinə Dünya İrs Mərkəzi tərəfindən yardım edildiyini bildirib. O qeyd edib ki, bu yardımın artırılması həm turizmin genişlənməsi, həm də mövcud potensialın istifadəsi baxımından vacibdir.
Uqanda təmsilçisi də onlara göstərilən qonaqpərvərliyə görə təşəkkür edib. Dünya İrs Mərkəzinin gördüyü işlər planetar səviyyədə aparılan işlərdir:
“İnsanlar bəzən bilərəkdən mədəni müxtəlifliyə müdaxilələr edirlər. Bütün bunlar bəzən çox böyük problemlər və çaşqınqlar yaradır. Dünya əhalisinin sayı sürətlə artır. Hər gün 2 milyon 300 min yeni doğulmuş uşaq qeydə alınır. Bütün bunlar bizim qarşımızda böyük vəzifələr qoyur. Dünya İrs Siyahısına daxil edilmiş məkanların mühafizəsi daha da gücləndirlməlidir. Gəncləri bu işə daha fəal cəlb etməliyik. Biz yüzlərlə tarixi məkanı gələcək nəsillər üçün saxlamalıyıq”.
Azərbaycan nümayəndəsi Dünya İrs Mərkəzinin katibliyinin dəstəklənməsi üçün imkanların artırılmasına çağırış edib:
“Resursların, ekspertlərin çatışmaması nominasiyaların təqdimatı zamanı açıq-aşkar özünü göstərir. Xüsusilə, Afrika ölkələrinə bu sahədə yardım etməliyik. İkinci mühüm məqam bundan ibarətdir ki, biz hər zaman əməkdaşlıqdan danışırıq. Ancaq yenə də görürük ki, əlaqələndirmə işi zəifdir. Güclü əlaqələndirmə işi aparılmaldır”.
Azərbaycan təmsilçisi bildrib ki, mədəni irsə ən böyük təhlükə silahlı münaqişələrdir:
“Biz bu istiqamətdə də fikrimizi bildirməliyik. Bir sıra konvensiyalar var. Onların yerinə yetirilməsinə ciddi nəzarət olunmalıdır. Bunlar iqlim dəyişikliyi, biomüxtəliflik konvensiyasının mədəni irsə aid olan bölmələridir. Düşünürəm ki, bütün bunlar Bakı Bəyannaməsində əks olunacaq.
Qvatemala nümayəndəsi Dünya İrs Mərkəzinin fəaliyyətini alqışladıqlarını bildirib:
“Sizin işininz göstərir ki, ən mürəkkəb vəzifənin də icrası mümkündür. Qvatemala Latın Amerikası və Karib hövzəsi ölkələri, xüsusilə Meksika ilə bu sahədə sıx işləyib”.
Müzakirələrdə Tunis, Tanzaniya, Braziliya, Burkina-Faso, Bosniya və Herseqovina, İspaniya, Avstraliya, Bəhreyn, Koreya və Fransa respublikalarının, Küveyt Dövlətinin, “Avropa Nostra” qeyri-hökumət təşkilatları konfederasiyasının, İSESKO-nun nümayəndələri çıxış ediblər.