15 Sentyabr 2014 13:59
2 444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəhidlər xiyabanı və Türk şəhidliyi ziyarət edilib

“Qarabağ qaziləri” birliyinin üzvləri Şəhidlər xiyabanını, sonra isə Türk şəhidliyini ziyarət ediblər. Birliyin sədri Etimad Əsədov Qarabağ qaziləri qarşısında çıxış edərək 15 sentyabr 1918-ci ildə Nuru Paşanın rəhbərliyi altında İslam Qafqaz ordusunun Bakını erməni bolşevik işğalından azad etməsindən danışıb, şəhidlərin ruhuna dualar oxunub. Bu barədə Teleqraf.com-a “Qarabağ qaziləri” birliyinin mətbuat xidmətindən məlumat verilib.
Ziyarətin ardınca “Qarabağ qaziləri” birliyinin mərkəzi ofisində təşkilatın illik ümumi yığıncağını keçirilib.

Yığıncaqda birliyin sədri Etimad Əsədov təşkilatın son bir il ərzində gördüyü işlər barədə hesabatla çıxış edib. Eyni zamanda Nəzarət-Təftiş Komissiyasının hesabatı dinlənilib. Hər iki hesabat qənaətbəxş hesab edilib.
Tədbirdə “Qarabağ qaziləri” birliyinin yeni rəhbərlərinin seçilməsi məsələsi də müzakirə edilib. Yığıncaq fəaliyyətlərini nəzərə alaraq əvvəlki rəhbərliyə etimad göstərib, onların bundan sonra da təşkilata rəhbərlik etmələrini məqsədəuyğun hesab edib. Etimad Əsədov yekdilliklə birliyin sədri seçilib.

İl ərzində görülən işləri, mövcud problemləri müzakirə edən yığıncaq bir sıra vacib qərarlar da qəbul edib. Qərara alınıb ki, Qarabağ əlillərinin və şəhid ailələrinin mövcud problemlərinin həlli ilə bağlı Milli Məclislə ciddi və ardıcıl iş aparılsın. Bu istiqamətdə qanunla Qarabağ qazilərinə və şəhid ailələrinə dövlət tərəfindən ödəniləcək sığorta pulunun verilməsinin tezləşdiriləməsinə çalışmaq da əsas məsələlərdən biri olacaq. Təşkilat müharibə insanlarının problemlərinin vaxtında və səmərəli həllinə nail olmaq üçün dövlət və müharibə yönümlü QHT-lərin birgə komissiyasının, yaxud işçi qrupunun yaranmasına nail olmağa da çalışacaq.

Dövlət və dövlətçiliyi bundan sonra da dəstəkləyəcəklərini bildirən iştirakçılar müxtəlif insanların Qarabağ əlillərinin adından sui-istifadə hallarına qarşı da barışmaz olacaqlarını və bu istiqamətdə daima mübarizə aparacaqlarını bəyan ediblər.

Səxavət


Müəllif: