Azərbaycana daxil olan tranzit yüklərin daşınması ilə məşğul olan sürücülərin polis əməkdaşlarının müşayəti ilə hərəkəti təmin edilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan Respublikası ilə qonşu olan ölkələrdə koronavirusa yoluxma hallarının artmasından sonra dövlətimizin başçısı İlham Əliyevin müvafiq tapşırığına əsasən həmin ölkələrdən, o cümlədən İran İslam Respublikasından Azərbaycana daxil olan yük nəqliyyat vasitələrinin polis əməkdaşlarının müşayəti ilə hərəkəti təmin edilir.
Azərbaycan ərazisindən tranzit yüklərin daşınması üzərində nəzarət gücləndirildiyi üçün nəqliyyat vasitələri ölkə sərhədlərini tərk edənə qədər onların təhlükəsizliyi təmin edilir və yalnız müəyyən edilmiş məntəqələrdə sürücülərin avtomobillərdən düşərək istirahət etməsinə icazə verilir.
İstirahət yerlərində sürücülər Daxili İşlər Nazirliyinin hesabına isti yeməklə təmin olunur. Bu yerlərdə sürücülərin ibadətlə məşğul olmaları və tibbi müayinədən keçmələri üçün xüsusi otaqlar da ayrılıb.
Sürücülər qeyd olunan yerlərdə istirahət etdikdən sonra onlar yol polisinin müşayəti ilə yollarının davam etdirirlər. Onların yol boyu yerli vətəndaşlarla ünsiyyətdə olması və marşurutdan kənar yerlərdə nəqliyyat vasitələrini saxlamasına isə ekstrimal vəziyyətlər istisna olmaqla icazə verilmir.