Erməni girovluğunda öldürülmüş Həsən Həsənovun meyitinin geri qaytarılması barədə məlumat Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən qeydə alınıb.
BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova Publika.az-a bildirib ki, Komitə neytral vasitəçi olaraq əməliyyatın həyata keçirilməsində hazırdır.
"Tərəflər meyitin nə vaxt, harada geri qaytarılması barədə razılığa gəlməlidirlər. Daha sonra meyitin geri qaytarılması həyata keçirilə bilər”.
Qeyd edək ki, erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı Azərbaycan vətəndaşları Həsən Həsənov öldürülüb, Şahbaz Quliyev və Dilqəm Əsgərov isə girov götürülüb. Qarşı tərəf H.Həsənovun meyitini qaytarmağa hazır olduğunu bəyan edib.