Rumıniyanın “Stiripesurse” portalında “Azərbaycan pandemiyanın və onun sosial-iqtisadi nəticələrinin öhdəsindən necə gəldi – faktlar, nümunələr və beynəlxalq baxışlar” sərlövhəli məqalə dərc edilib.
Teleqraf.com xəbər verir ki, məqalədə 2020-ci ilin tarixə koronavirus pandemiyası ili kimi daxil olmasından bəhs edilir. Bu təhlükəli xəstəliyə qarşı bütün dünyada mübarizə aparılır. Hazırda hər yerdə diqqət dünya liderlərinin hərəkətlərinə, hökumətlərin fəaliyyətinə, hansı dövlətin bu istiqamətdə daha səmərəli addımlar atmasına yönəldilib.
Məqalədə vurğulanır ki, bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin pandemiyaya qarşı mübarizəyə və onun sosial-iqtisadi nəticələrinin aradan qaldırılmasına yönəlmiş ardıcıl və hərtərəfli düşünülmüş fəaliyyəti diqqəti cəlb edir.
Azərbaycan müharibə vəziyyətindədir. Ölkə ərazisinin 20 faizi Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilib. Qarabağda erməni separatizmi davam edir. Lakin hətta bu vəziyyətdə də bütün dünyanı cənginə almış koronavirus pandemiyasına qarşı mübarizədə nümunə götürülməyə layiq olan prinsipial mövqe nümayiş etdirir.
Azərbaycanda cərəyan edən prosesləri diqqətlə müşahidə etdikdə aydın olur ki, pandemiyaya qarşı səmərəli mübarizəyə, əhalinin sağlamlığının və sosial rifahının müdafiəsinə yönəlmiş qərarların müəllifi bilavasitə Azərbaycan Prezidenti İlham Əliyevdir. O, Operativ Qərargahın fəaliyyətini diqqətlə izləyir, daim tövsiyə və göstərişlər verir. Eyni zamanda, ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın humanist hərəkətləri diqqətəlayiqdir.
Pandemiyaya qarşı mübarizə Azərbaycanın iqtisadi gücünü bir daha təsdiq etdi. Dövlətin qüdrəti, onun liderinin gücü və xarizması məhz bu cür fors-major hallarda üzə çıxır. Koronavirus pandemiyası dövründə Azərbaycan güclü iqtidara, operativ hökumətə malik olduğunu nümayiş etdirdi.
Şübhəsiz, bütün bunlar Prezident İlham Əliyevin Azərbaycanda uzun müddət həyata keçirdiyi böyük və dərin siyasi, iqtisadi, sosial islahatların nəticəsidir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, əsaslı və radikal islahatlar müasir dövrün tələblərinə, şəraitinə və çağırışlarına uyğun olaraq həyata keçirilir. Prezident İlham Əliyev və onun komandası, Azərbaycan hökuməti fasiləsiz iş rejiminə keçiblər. Qonşu İranda və Gürcüstanda koronavirus aşkar ediləndən dərhal sonra Azərbaycan öz sərhədlərini bağladı. Karantin xəstəxanaları ayrıldı, ölkəyə əlavə testlər gətirilməyə başladı.
2020-ci il aprelin 28-nə olan məlumata görə Azərbaycanda koronavirusa yoluxmuş insanların sayı cəmi 1717 nəfər olub. Onlardan 1221-i müvafiq müalicədən sonra sağalıb, eyni zamanda, başqa xəstəliklərdən əziyyət çəkən 22 pasiyent vəfat edib, 474 nəfərin müalicəsi davam edir. Bir sıra ölkələrlə müqayisədə bu rəqəmlər Azərbaycan dövlətinin koronavirusa qarşı mübarizədə yüksək səviyyəsinin göstəricisidir.
Ölkənin orta və ali məktəblərində pandemiyanın yayılmasının qarşısını almaq məqsədilə martın əvvəlində dərslər dayandırıldı, bütün ölkədə təhsil prosesi onlayn rejimdə keçirilməyə başlandı. Bütün müvafiq icra strukturları koronavirusa qarşı mübarizəyə səfərbər edildi. Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə çatdırılması təşkil edildi.
Karantin elan edildiyi vaxtdan vətəndaşların sosial-iqtisadi vəziyyəti respublika rəhbərliyinin daimi diqqət mərkəzindədir. Rəsmən işsiz olan şəxslər, habelə pandemiya dövründə işini itirənlər maddi və ərzaq yardımı alıblar. Prezident İlham Əliyev müvafiq qurumlara sahibkarların düşdüyü zərərin kompensasiya edilməsi, kommunal ödənişlər və bank kreditləri ilə əlaqədar əhaliyə güzəştlər edilməsi barədə göstərişlər və tövsiyələr verib.
Əvvəlki hadisələrin təhlili göstərir ki, Azərbaycan dövləti təkcə indiki pandemiya dövründə deyil, bütün fors major və fövqəladə hallarda xalqın mənafeyini qoruyub. Nümunə kimi 2015 və 2016-cı illərin devalvasiyasından sonra kredit borclarının silinməsinin, Bakıdakı iri ticarət mərkəzlərinin yanmasından sonra vətəndaşlara təmənnasız dövlət yardımı göstərilməsinin, təbii fəlakətlərdən dəymiş zərərin kompensasiya olunmasının və başqa tədbirlərin adını çəkmək olar.
Ölkə daxilində infeksiyanın geniş yayılmasının qarşısını almaq məqsədilə respublikanın şəhər və rayonlarına giriş və çıxış məhdudlaşdırılıb, ciddi tədbirlər görülüb.
Pandemiya dövründə Avropanın inkişaf etmiş dövlətlərində ərzaq qıtlığı müşahidə olunduğu halda, Azərbaycan bu problemlə üzləşməyib. Əksinə, marketlərdə ərzaq bolluğu müşahidə olunur.
Yeri gəlmişkən, pandemiya dövründə Azərbaycan xalqının daha bir üstünlüyü – başqasının dərdinə şərik olmaq, yaxınlarına kömək etmək istəyi üzə çıxdı. Daha yaxşı təmin olunmuş vətəndaşlar dövlətlə bərabər işsizlərə, maddi vəsaitdən məhrum olmuş həmvətənlərinə kömək edir, onlarla həmrəy olduqlarını göstərirdilər.
Azərbaycan dövləti ən qısa müddətdə yerli istehsalın təşkil edilməsi yolu ilə tibbi maskaların çatışmaması problemini həll etdi. Prezident İlham Əliyevin göstərişi ilə Sumqayıt şəhərində maska istehsal edən müəssisə fəaliyyətə başladı. Hazırda bu fabrik gündə 150 minə yaxın maska istehsal edir.
Təbii ki, dövlətin çox böyük məsrəflər, bəzən risklər hesabına gördüyü bütün bu tədbirlər insanların, bütün xalqın müdafiəsinə yönəlib. Prezident İlham Əliyevin göstərişlərinə və tövsiyələrinə müvafiq olaraq atılan bütün humanist addımlar, habelə, ciddi tədbirlər və cəzalar bir məqsədə - Azərbaycan vətəndaşlarının, onların doğmalarının və yaxınlarının müdafiəsinə, insanların həyatını itirməməsinə, ağır vəziyyətə düşməməsinə yönəldilib! Prezident “Hər şey vətəndaş və onun sağlamlığı üçündür” prinsipi üzrə hərəkət edir. Bu, Azərbaycan modeli, Azərbaycan nümunəsidir.
Müxtəlif dövlətlər və analitiklərlə yanaşı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da Azərbaycanın təcrübəsini bəyənir. Mart ayının axırlarında ÜST-nin baş direktoru Tedros Gebreyessusun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanmış məktubu buna sübutdur. ÜST-nin baş direktoru həmin məktubda Azərbaycan Prezidentinin siyasətini və onun COVID-19 pandemiyasının təsirini və miqyasını məhdudlaşdırmağa yönəldilmiş hərəkətlərini alqışlayır.
Bütün dövlətlər əsas diqqəti öz daxili problemlərinə yönəltdiyi bir vaxtda, Azərbaycan beynəlxalq münasibətləri fəal dəstəkləyən, müvafiq hərəkətləri əlaqələndirən azsaylı ölkələrdən biridir.
Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusa qarşı mübarizəyə həsr edilmiş “Biz birlikdə COVID-19-a qarşıyıq” mövzusunda sammit keçiriləcək. Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edir.
Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans formatında fövqəladə sammiti keçirilib.
Koronavirus pandemiyasına qarşı mübarizədə beynəlxalq səylərin dəstəklənməsi məqsədilə Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının koronavirusa qarşı cavab tədbirləri fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə ianəsi edib. Pandemiya dövründə gərgin rejimdə işini davam etdirən Prezident İlham Əliyev bir sıra dövlətlərin və beynəlxalq təşkilatların rəhbərləri ilə onlayn görüşlər keçirib, telefon danışıqları aparıb.
Bu baxımdan mühüm bir detalı qeyd etmək yerinə düşər. Koronavirusun yayıldığı şəraitdə Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi davam etdirilib. Bu kəmər Azərbaycan qazını İtaliya bazarına çatdıracaq. İşlər sanitar normalara müvafiq surətdə davam etdirilir, işçilərin sağlamlığının mühafizəsi və təhlükəsizliyi tam təmin edilir. Artıq 2020-ci ildə qazın ilk partiyasının çatdırılacağı gözlənilir. İndiki şəraitdə bu, əsl fədakarlıqdır.
Beləliklə, bütün daxili proseslərin, beynəlxalq münasibətlərin, habelə enerji layihələrinin icrasının obyektiv və əlaqələndirilmiş təhlili belə deməyə əsas verir ki, Azərbaycan koronavirus sınağından şərəf və ləyaqətlə çıxacaq. Müvafiq strukturlar tərəfindən Prezidentin göstərişlərinə uyğun olaraq həyata keçirilən və onun xüsusi nəzarətində olan tədbirlər qısa müddətdə müsbət nəticələr verir. Pandemiya artıq səngiməkdədir, aprel 27-dən başlayaraq karantin rejimi yumşaldılıb.
Daha bir mühüm məqam ondan ibarətdir ki, pandemiyaya qarşı hələ də mübarizə aparmaqda olan digər dövlətlərlə müqayisədə Azərbaycan artıq postpandemiya dövrü üçün proqramlar hazırlayır.
Buradan belə nəticə çıxarmaq olar ki, pandemiya dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən proqramlar tamamilə effektiv olduğunu sübut edib, müdrik qərarlar operativ komanda tərəfindən dərhal reallaşdırılıb.
Əlbəttə, bu, təqdirəlayiq haldır və dünya birliyi tərəfindən gələcəkdə hər hansı fors-major hallarında müsbət təcrübə kimi istifadə edilməlidir.
Məqalənin sonunda bir mühüm fakt qeyd edilir. Sosial Araşdırmalar Mərkəzi tərəfindən mart ayında keçirilmiş sorğunun aprelin 17-də dərc edilmiş nəticələrindən görünür ki, Azərbaycan vətəndaşlarının 94,7 faizi Prezident İlham Əliyevə etimad bəsləyir və onu dəstəkləyir! Ölkə vətəndaşları Prezident İlham Əliyevə pandemiya dövründə görülmüş qətiyyətli tədbirlərə, xalqın dəstəklənməsinə görə səmimi təşəkkür məktubları yazılar. Ekspertlər bunu xalq ilə dövlətin qarşılıqlı münasibətlərinin səmimiliyi kimi qiymətləndirirlər.