8 Oktyabr 2014 13:39
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqtondakı Ronald Reyqan Mərkəzində Dünya Ticarət Mərkəzi İnstitutunun təşkilatçılığı ilə “Səfirlik gecəsi” adlı tədbir keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, ABŞ hökuməti, Vaşinqtonda akkreditasiya olunmuş xarici ölkə diplomatları, habelə yerli iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən şirkət nümayəndələrinin iştirakı ilə keçirilən tədbir Cənubi Qafqazda, xüsusilə Azərbaycan, Gürcüstan və Türkiyədə biznes imkanlarına həsr olunub.

Tədbir çərçivəsində eyni zamanda ABŞ-Azərbaycan Ticarət Palatası, Azərbaycan İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) ABŞ nümayəndəliyi və “Nobel Oil” şirkətinin təşkilatçılığı ilə “Şərq Qərblə görüşür: Türkiyə və Cənubi Qafqazda biznes imkanları” mövzusunda konfrans keçirilib.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Azərbaycanda mövcud biznes imkanları, o cümlədən ənənəvi və maliyyə yatırımları üçün böyük potensiala malik sahələr barədə danışıb. O, ölkə iqtisadiyyatında hasilat sənayesinin payının əhəmiyyətli olması ilə yanaşı, ölkənin qeyri-enerji sektorunun inkişafının da prioritet olduğuna diqqət çəkib.

Tədbir zamanı Azərbaycanın regional infrastruktur layihələrin reallaşdırılmasında, bununla, regionun müxtəlif bizneslər üçün cəlbediciliyininin təmin edilməsində aparıcı rolu vurğulanıb. Qeyd edilib ki, Bakı-Tbilisi-Qars dəmiryolu xətti, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı layihələri, müxtəlif karqo terminalların mövcudluğu ölkəni biznes nümayəndələri üçün əlverişli məntəqəyə çevirir. İstifadəyə verilməsi 2015-ci ilə gözlənilən BTQ xətti regional yükdaşımanı zamanlama və keyfiyyət baxımından növbəti mərhələyə çıxaracaq. Ələt limanına gəlincə isə limanın Xəzər hövzəsində yükdaşımaları təşviq edəcəyi vurğulanıb. Bu xüsusda, regionda turizm və nəqliyyat infrastrukturunun inkişafında daha bir vacib məqam kimi “AZAL”ın bu ilin sentyabr ayından Nyu-York şəhərinə birbaşa uçuşlara başlaması göstərilib.

Con Hopkins Universitetinin professoru Mamuka Tsereteli Gürcüstanda iqtisadi və biznes mühiti barədə məlumat verib. O, Azərbaycanın Gürcüstan iqtisadiyyatında oynadığı roldan bəhs edərkən, Azərbaycanı regionun dominant ölkəsi kimi xarakterizə edib. Tikintisi hazırda davam etdirilən Bakı-Tbilisi-Qars dəmiryolu xətti kimi layihələrin regional inteqrasiyanın əsasında durduğuna diqqət çəkən M.Tsereteli Azərbaycanın bu layihənin reallaşdırılması üçün Gürcüstan tərəfinə maliyyə kreditləri də ayırdığını bildirib.

M.Tsereteli çıxşı zamanı Azərbaycanın Gürcüstan üçün strateji əhəmiyyətinə diqqəti çəkib, münasibətlərin inkişafının Gürcüstanın marağında olduğunu bildirib.

Beynəlxalq ticarət məsələləri üzrə tanınmış mütəxəssis Ayşe Öge Türkiyədə biznes mühiti və qanunvericilik bazası barədə ümumi məlumat verib. A.Öge üç ölkənin birgə həyata keçirdiyi BTQ layihəsinə diqqəti çəkib və bu layihənin özünün əslən Qarsdan olması ilə əlaqədar onun üçün xüsusilə önəmli olduğunu bildirib. Onun sözlərinə görə, BTQ-nin Qars vilayətinin sosial-iqtisadi durumunun inkişafı baxımından əhəmiyyəti böyükdür.

Azərbaycanın Türkiyə ilə iqtisadi münasibətlərinə toxunan A.Öge Azərbaycanın hazırda Türkiyədə ən böyük xarici investorlardan biri olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına yatırılmış maliyyənin həcmi 700 milyon ABŞ dollarından artıqdır və Azərbaycan yatırılan investisiyaların həcminə görə ABŞ-dan ön sıralarda gedir.

Səxavət


Müəllif:

Oxşar xəbərlər