15 İyul 2020 14:07
1 085
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu cür kütləvi toplaşmağın acı nəticələri olacaq. Neçə gün idi ki, koronavirusa yoluxma dinamikasında stabilləşmə müşahidə edirdik. Böyük ehtimalla, yoluxma dinamikasında yenidən artım meydana çıxacaq. Əgər bu gənclər orduya getmək istəyirsə, ilk öncə öz sağlamlıqlarını düşünməli idilər. Orduya sağlam gənclər getməlidir. Çox istərdim ki, virusa yoluxma sayında gözlənilən artım sovuşsun.

Bunu Teleqraf.com-a açıqlamasında iyulun 14-dən axşam saatlarında orduya dəstək məqsədi ilə keçirilən yürüşə münasibət bildirərkən Ədliyyə naziri yanında İctimai Komitənin üzvü Səadət Bənənyarlı deyib.

QHT sədri deyir ki, minlərlə insanın bu aksiyalara qoşulduğunu görəndə virus yoluxması ehtimalı ilə bağlı narahatlıq keçirib: “Hesab edirdik, əhalimiz artıq bunu başa düşüb ki, pandemiya nə qədər davam edir, maska həyatımızın bir hissəsidir. Amma vətəndaşların kütləvi yürüşü bunun əksini göstərdi. Vətəndaşlarımız həlak olmuş hərbçilərimizin yaxınlarına baş sağlığı vermək, onlara dəstəyin nümayiş etdirmək istəyirsə, bu zaman maskalardan mütləq istifadə olunmalı idi.

Hətta yürüşdə iştirak edən jurnalistlər belə, maskalarını aşağı salmışdı. Başa düşürük, hava istidir, nəfəs almaq çətindir. Amma özlərini düşünmürlər, heç olmasa şəhidin ailəsini, yaxınlarını düşünsülər”.

Səadət Bənənyarlı hesab edir ki, TƏBİB-in əhalinin sağlamlığının qorunması məqsədilə tərtib etdiyi qaydalar əhaliyə bir daha izah edilməlidir: “Demək olar ki, onların arasında sosial məsafə heç gözlənilmədi. Təbii ki, bu bizi çox narahat edir. TƏBİB-in qaydalarından biri də yas yerlərinə ancaq yaxın adamların getməsi idi. Başa düşürəm, bu, ümumxalq itkisidir. Amma o qaydaları poza-poza xalqımızı, ordumuzu təhlükəyə atmaq düzgün deyil”.


Müəllif: Yeganə Oqtayqızı