22 İyul 2020 09:58
2 610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mətbuatımızın 145 illiyinə ithaf

Ötən aylarda maraqlı bir xəbər oxuduq. ADA Universitetinin təşəbbüsü ilə azərbaycanlı filoloqlar – Türkiyǝnin Mǝrmǝrǝ Universitetinin dosenti Mehdi Gǝncǝli vǝ Azad Ağaoğlu “Azərbaycan” qəzetini (1918-1920) müasir əlifbaya transliterasiya edərək çoxcildlik şəklində çapa hazırlayacaqlar. Azərbaycan mətbuatının yaradılmasının 145 illiyi ərəfəsində həyata keçirilən bu layihə Azərbaycan Cümhuriyyəti tarixinin tədqiqi yolunda ən böyük layihələrdən biridir desək, yanılmarıq.

“Azərbaycan” qəzeti türk və rus dillərində çap olunub. Dövlət arxivlərində, kitabxanalarda qorunan qəzetin əski əlifbadan latın qrafikasına transliterasiya edilməsi, Cümhuriyyət dövrünün geniş kütləyə bəlli olmayan tarixinin üzə çıxarılması olduqca mühüm addımdır.

Qəzetin ilk sayının nəşri də tariximizdəki mühüm bir hadisəylə üst-üstə düşüb...

Bakı işğaldan azad edildi, Gəncədə qəzet çap olundu

Qəzetin redaktorlarından Ceyhun bəy Hacıbəyli illər sonra mühacirətdə çap etdiyi eyniadlı jurnalda (o, Münhendə çap etdiyi bu dərgini rəsmi qəzetin davamı hesab edib) yazırdı: “... “Azərbaycan”ımızın ilk sayı sentyabrın 15-də çıxdı. Simvolik bir təsadüf. “Azərbaycan” Azərbaycanın baş şəhərinin qurtuluşu günü intişar etdi”.

Beləliklə, qəzetin ilk nömrəsi 1918-ci il sentyabrın 15-də Gəncə valiliyinin mətbəəsində çap edilib. Dörd səhifədən ibarət olan bu nömrənin iki səhifəsi türk, iki səhifəsi isə rus dilində buraxılıb. Gəncədə buraxılan axırıncı (dördüncü) nömrənin üç səhifəsi rus, bir səhifəsi isə türk dilində idi.

Qəzetin birinci nömrəsində Bakının azad edilməsi ilə bağlı xəbərlər daha çox diqqəti cəlb edir: “Dünən gecə Azərbaycan Cümhuriyyəti Hökuməti adına Qafqaz İslam Ordusunun komandanı Nuru paşa həzrətləri tərəfindən belə bir teleqram gəlmişdir: “Bismillahir rəhmanir rəhim! Bakı şəhəri 15.09.18, saat 9-a işləmiş igid ordu hissələrimiz tərəfindən zəbt olundu. Qafqaz İslam Ordusunun komandanı Fərrux Nuri”.

“Azərbaycan” qəzetinin həmin nömrəsində Azərbaycan Cümhuriyyəti Hökumətinin sədri Fətəli xan Xoyskinin adından Nuru paşaya cavab teleqramı da dərc olunub: “Qafqaz İslam Ordusunun komandanı səadətli Nuru paşa həzrətlərinə. Təhti-komandanızda olan cəsur türk əsgərlərimiz tərəfindən Azərbaycanın paytaxtı olan Bakının düşmənlərdən xilas edilməsi münasibətilə millətin zati-həmiyyətpərvəranələrinə və dünyanın ən nəcib əsgəri olan türk oğullarına minnətdar olduğumu ərz etməklə iftixar edirəm, əfəndim. Heyəti-vükəla rəisi Fətəli xan”.

Kommunist mürəttib

Ceyhun bəyin xatirələrinə görə, qəzetin ilk saylarına mürəttib (mətbəədə hərfdüzən işçi) problem yaradıb: “1918-ci ilin avqustunda Gəncəyə gələn kimi yeni təşkil edilmiş hökumətimizlə təmas qurdum. Mərhum xoşsima və nəzakətli Nəsib bəy mənə Şəfi bəy ilə birgə rəsmi “Azərbaycan” qəzetimizin nəşri ilə məşğul olmağımızı təklif etdi. Bundan əvvəl Şəfi bəy davamlı işlər görmüşdü, lakin məsələ o qədər də asan deyildi: Rusca asanlıqla nəşr oluna bilərdi, lakin türkcəsinə gəldikdə çətinliklə qarşılaşırdıq. Ərəb əlifbasından anlayan mürəttib tapmaq, demək olar ki, imkansız idi. Çətinliklə tapdığımız bir mürəttibin kommunist olması işlərimizi alt-üst edirdi. Adını yazmaq istəmədiyim bu mürəttib qırmızı (kommunist – D.Ə) olmaqda inad edir, heç cür ideologiyasını dəyişdirmirdi. Özü qırmızı olmaqda yalnız deyilmiş, bunu biz Parisdə müşahidə etdik. Əqrəbalarından birinin Parisdə fransız hökuməti tərəfindən sürgün və həbs edilməməsinə dair polislə uzun müddət müzakirə aparmağa məcbur olduq. Hər nə olsa öz vətəndaşımızdı. Bu hadisə 27 aprel fəlakətindən öncə olmuşdu. Xülasə, mürəttib özünün yeganə olduğunu anlayınca fövqəladə tələblər irəli sürürdü. Bizim cavabımızı dinləməyə tənəzzül etmədən işi buraxırdı. Mürəttibin işi buraxması davam edirdi. “Mühərrir çox, mürəttib yox” deyərək istəklərində israr edirdi. Bir gün mərhum Ələkbər bəy Rəfibəyliyə rast gəldik. Dayandı, ““Azərbaycan”ınız nə vaxt çıxır, yahu” deyə soruşdu. Çətinliyimizi ona danışdıq. Mürəttibi yanına göndərməyimizi istədi. Bilmirəm, mürəttib ağsaqqalımızı gördümü?... Fəqət bir an sonra təklifimizi qəbul edərək işə başladı və “Azərbaycan”ımızın ilk sayı sentyabrın 15-də çıxdı”.

“Azərbaycan” qəzetinin Bakıda türk dilində nəşr olunmuş beşinci nömrəsi 1918-ci il oktyabrın 3-də, rus dilində isə oktyabrın 7-də buraxılıb. Bu nömrədən etibarən qəzetin adının altında “Gündəlik siyasi, ictimai, ədəbi, iqtisadi türk qəzetəsidir” sözləri yazılıb.

“Azərbaycan” qəzetinin 1918-ci il sentyabrın 15-dən 1919-cu il dekabrın 31-dək 358 nömrəsi, 1920-ci il yanvarın 1-dən aprelin 28-dək isə 85 nömrəsi çap olunub. Bütövlükdə 1918-1920-ci illər arasında qəzetin cəmi 443 nömrəsi çıxıb.

“Azərbaycan” qəzetinin redaktorları Üzeyir bəy Hacıbəyli, Ceyhun bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Xəlil İbrahim kimi şəxsiyyətlər olub.

İngilis hədəsi

Yenə Ceyhun bəyin xatirələrinə görə ingilislər Bakıya gəldikləri zamanı qəzetin nəşrini dayandırmaq istəyiblər: “İngilislər Bakıya gələndə “Azərbaycan”ımızı bağlamaq qorxusunda idik. Ənzəlidə onlarla aparılan müzakirələrin əksinə olaraq Bakıya girən kimi Azərbaycan hökumətini yeganə məhəlli hökumət kimi tanıdıqları vədindən vaz keçərək qəzetimizdə “dövlət müəssisələri” kəlməsinə etiraz edərək həmin kəlmənin “Azərbaycan” səhifələrində təkzibini tələb etdilər. Biz isə bu əmrə qətiyyən itaət etməyəcəyimizi söylədik. Cavabında əmniyyət müdiri Kolonel Coquerel bizi həbs, qəzetimizi bağlamaqla təhdid etdiyi zaman yenə xoşsima və daim gülərüzlü Nəsib bəy müdaxilə edərək işğalçıların əmrinə itaət etməyimizi tövsiyə etdi. Qəlbimiz qanlı, hökumətimizin əmrinə itaət etdik. Lakin bir neçə həftə sonra ingilislər siyasətlərini dəyişdilər”.

Beləliklə, “Azərbaycan” qəzeti Cümhuriyyətimizin və mətbuatımızın tarixini öyrənmək baxımından olduqca vacibdir, bənzərsiz bir qaynaqdır. Bu tarixi missiyaya təşəbbüs göstərən ADA Universitetinə və bu layihəni həyata keçirən Mehdi Gəncəli və Azad Ağaoğluna təşəkkür və uğurlar arzu edirik.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər