27 Sentyabr 2020 10:16
2 451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə mətbuatı Ermənistan silahlı birləşmələrinin cəbhə boyu genişmiqyaslı təxribatını xain hücum kimi qiymətləndirib.

Teleqraf.com-un məlumatına görə, Türkiyə KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən Ermənistanın genişmiqyaslı təxribata hazırlaşdığı barədə dediyi fikirlərə yer verib.

Materialda Azərbaycan Prezidentinin "Bizdə başqa bir məlumat var. Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir. Biz vəziyyəti izləyirik və özümüzü müdafiə edəcəyik, Tovuzda etdiyimiz kimi, başqa bir çox hallarda etdiyimiz kimi. Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Mən, sadəcə olaraq, sizin bunu bilməyinizi və bu mesajı Avropa Komissiyasına çatdırmağınızı və Avropa Komissiyasının təcavüzkarın yeni təxribatlarını dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirəm" fikirləri vurğulanıb.

Türk KİV-ləri sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutduğunu yazıb.

"Əliyev xəbərdarlıq etmişdi! Ermənistandan xain hücum" başlığı ilə yayımlanan materialda mülki əhali və yaşayış məntəqələrimizin düşmən atəşinə məruz qaldığı və cəbhənin ən gərgin Tərtər-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində yerləşən ön xətt hərbi hissələri, raket və artilleriya bölmələri, cəbhə aviasiyası, zirehli texnika və digər qoşun növlərinin qarşılıqlı fəaliyyəti ilə Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulduğu və döyüş fəaliyyətinin qarşısının alındığı vurğulanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər