Meksikanın ən çox izlənən televiziya kanallarından olan “TV Milenio”da və “ABC” radiosunun axşam efirində səfir Məmməd Talıbovun Ermənistanın son hərbi təcavüz cəhdi, Azərbaycanın mülki əhalisinə qarşı hücumları və Silahlı Qüvvələrimizin gördüyü tədbirlər barədə müsahibəsi efirə verilib.
Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, müsahibələrdə münaqişənin tarixindən danışan səfir Dağlıq Qarabağ və yeddi ətraf rayon olmaqla, ümumilikdə Azərbaycanın beynəlxalq qaydada tanınmış ərazilərinin 20 faizinin 30 ilə yaxındır Ermənistan tərəfindən işğalda saxlanıldığını, həmin ərazilərdə etnik təmizləmə aparıldığını və 1 milyona yaxın soydaşımızın öz yurdlarından qovulduğunu bildirib.
Səfir münaqişəyə dair BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş dörd qətnamənin Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini, ancaq qarşı tərəfin bu günədək həmin sənədlərin tələblərinə məhəl qoymaması ilə yanaşı, xüsusilə də son iki ildə bu ölkədə milliyətçi qüvvələrin iqtidara gəlməsindən sonra başda N.Paşinyan olmaqla bu ölkənin bir sıra rəsmilərinin “Qarabağ Ermənistandır”, “yeni müharibələr, yeni ərazilər” kimi aqressiv bəyanatlarla çıxış etməsi, habelə Ermənistan ordusunun ardıcıl təxribat əməlləri törətməsi nəticəsində danışıqlar prosesinin tamamilə pozulduğunu qeyd edib.
Bu dəfə isə, 27 sentyabrdan etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə və mülki infrastruktura qarşı geniş miqyaslı artilleriya və raket hücumları həyata keçirdiyini və bu hücumların mülki əhali arasında qadınlar və azyaşlı uşaqlar da daxil olmaqla çoxsaylı tələfata səbəb olduğunu, habelə son günlərdə Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Tərtər, Mingəçevir şəhərlərini orta mənzilli ballistik raketlərlə hədəfə aldığını deyən səfir ordumuzun Ermənistanın təcavüz aktının qarşısını almaq, mülkü əhalinin təhlükəsizliyini təmin etmək və ölkəmizin ərazi bütövlüyün bərpa etmək üçün əks-hücum tədbirlərinə başladığını söyləyib. Təmsilçimiz döyüşlərin getdiyi ərazilərdən uzaqda olan və sıx məskunlaşmış şəhərlərə və onların sakinlərinə qarşı ağır artilleriya və raketlərlə hücum edilməsinin Ermənistanın dövlət səviyyəsində terror siyasəti apardığını, münaqişə bölgəsini genişləndirmək istədiyini və Azərbaycanı təxribata çəkməklə münaqişəyə üçüncü tərəfləri cəlb etməyə çalışdığını söyləyib.
Müxbirin hərbi əməliyyatlara hər iki tərəfdən müxtəlif kənar qrupların da cəlb edilməsi ilə bağlı sualına münasibətdə səfir Azərbaycanın say, hərbi təchizat və hazırlıq etibarilə kifayət qədər güclü orduya malik olduğunu, ordumuzun anti-terrorizm əməliyyatlarında iştirakının daim beynəlxalq koalisiyalar tərəfindən təqdir edildiyini, bu baxımdan heç bir xarici hərbi dəstəyə ehtiyac duymadığını, Ermənistanın isə informasiya cəbhəsində də çirkin əməllərə əl atdığını, hərbi əməliyyatların gedişində Azərbaycana guya hansısa üçüncü tərəfin hərbi yardımı olduğu barədə saxta məlumat yaydığı halda, bütün dünyaya məlum olan 20-ə yaxın terrorçu təşkilata malik bu ölkənin hazırda döyüşlərə Suriya, Livan kimi ölkələrdən, habelə İraqın Süleymaniyə şəhərindən bir sıra radikal terrorçu qruplaşmaları cəlb etdiyinin artıq etibarlı KİV-lərdə öz əksini tapdığını məlumat verib. Eyni zamanda, Ermənistan baş naziri və qondarma rejimin liderinin də vətəndaşlığından asılı olmayaraq bütün dünya ermənilərini işğal olunmuş ərazilərə gəlib Azərbaycana qarşı savaşmağa səslədiyini qeyd edib.
Münaqişənin başlıca səbəbinin şübhəsiz ki, Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğu və BMT TŞ-nin müvafiq qətnamələrinə əməl edilməməsi olduğunu bildirən M.Talıbov bu durumun yalnız regional deyil, eyni zamanda beynəlxalq sülh və təhlükəsizliyə təhdid olduğunu, beynəlxalq hüququn dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət edilməməsinin xaosa gətirib çıxara biləcəyini deyib.
Sonda BMT TŞ-nin qeyri-daimi üzvü seçilən Meksikanın hər zaman beynəlxalq hüququn keşiyində olduğunu və Azərbaycanın bu mövqeyi yüksək qiymətləndirildiyini bildirən səfir, bu xüsusda regionda davamlı sülhün bərqərar olmasının yeganə formulunun dövlətlərin ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi, işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi və məcburi köçkünlərin geri qaytarılması olduğunu, beynəlxalq ictimaiyyətin də Ermənistandan işğal etdiyi Azərbaycan ərazilərini tərk etməyi, mülkü əhaliyə qarşı terror addımlarından əl çəkməyi, bir milyona yaxın azərbaycanlı məcburi köçkünün hüquqlarını bərpa etməyi, beynəlxalq hüquq və beynəlxalq humanitar hüquqdan doğan öhdəliklərinə əməl etməyi tələb etməli olduğunu söyləyib.