10 Noyabr 2020 22:27
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son bir ayda müstəqil Azərbaycanın həm döyüş meydanında, həm də diplomatik müstəvidə qazandığı tarixi uğurlar milli birliyimizin, həmrəyliyimizin sarsılmazlığının nümayişi oldu.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

O qeyd edib ki, sentyabrın 27-dən başlayaraq şanlı Azərbaycan Ordusunun erməni silahlı birləşmələrinin təxribatlarına tutarlı cavab verməsi, düşmən tapdağı altında qalan torpaqlarımızın işğaldan azad olunması xalqımızda böyük ruh yüksəkliyi yaratdı:

“İgid, mərd əsgərlərimizin şücaəti nəticəsində hər gün cəbhədən aldığımız sevindirici xəbərlər Azərbaycan xalqını torpaqlarımızı azad etmək, şanlı bayrağımızı işğal altındakı ərazilərimizdə dalğalandırmaq amalı uğrunda Müzəffər Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşdirdi. Dövlət başçısının qətiyyətli addımları, xalqa müraciətləri cəmiyyətimizdə, dünyanın hansı nöqtəsində yaşamağından asılı olmayaraq, qəlbi Azərbaycanla döyünən hər kəsi daxilən səfərbər etdi, işğal olunmuş torpaqlara yenidən dönmək ümidi ilə milli birliyimizi möhkəmləndirdi, Böyük Qələbəyə zəmin yaratdı. İllərdir yağı tapdağında qalan torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qalxmış xalqımız bu haqq savaşında öz prezidentinə inandı, arxalandı, ondan güc aldı”.

Naqif Həmzəyev bildiirb ki, Vətən müharibəsi ölkəmizdə həm də siyasi partiyaların milli həmrəyliyinin, birliyinin nümayişi oldu:

“Əks-hücum əməliyyatlarının başladığı ilk gündən bütün Azərbaycan xalqı kimi, ölkəmizdə fəaliyyət göstərən 50 siyasi partiyanın da prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiyini bəyan etməsi milli birlimizin, həmrəyliyimizin sarsılmazlığını bir daha sübuta yetirdi. 2020-ci ilin Vətən müharibəsi Azərbaycan xalqı üçün xalq-iqtidar-ordu birliyinin növbəti təzahürü, xalqımızın Müzəffər Ali Baş Komandanına, ölkəmizdə həyata keçirilən siyasətə dərin etimadı, dünya azərbaycanlılarının milli birlik, həmrəylik ruhu ilə tarixə yazılır”.

Deputat qeyd edib ki, dövlət başçısının cəmiyyətimizdə birlik, bərabərlik, mütəşəkkillik, həmrəylik rəmzinə çevrilən “Biz birlikdə güclüyük!” çağırışı bu gün qazandığımız qələbəmizi təmin edən əsas amillərdəndir.

“Yumruq kimi bir olmağımız, milli birlik, həmrəylik nümayiş etdirməyimiz, dövlət müstəqilliyimizi əbədi edəcək”, – deyə millət vəkili qeyd edib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər