Rusiya sülhməramlı qüvvələrinin iştirakı ilə bu gün Ağdam rayonu Azərbaycan silahlı qüvvələrinə təhvil verilir. Bu gündən etibarən Ağdam rayonu Azərbaycanın nəzarətində olacaq.
Teleqraf.com-un məlumatına görə, Ağdam rayonu 23 iyul 1993-cü cü ildə Ermənistan ordusu tərəfindən işğal olunub.
1994-cü il may ayının 12-dək davam edən hərbi təcavüz nəticəsində isə ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail oldular. Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə rayon 5897 şəhid verib. Həmin döyüşlərdə 3531 nəfər əlil olub, 1871 nəfər uşaq valideynlərini itirib. 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşmüşdü. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış sülhməramlı bəyannaməyə əsasən Ağdam rayonu noyabrın 20-dək boşaldılaraq Azərbaycana təhvil verilməlidir.
Ağdamda qədim tarixə malik çoxlu memarlıq və incəsənət abidələri var. XIX əsrdə tikilmiş türbə, Xanoğlu türbəsi, Pənah xanın türbəsi, Pənah xanın imarəti, iki sandığabənzər abidə, XV əsrə aid Sərdabə və Hatəm Məlik qalası, Cümə məscidi və Şahbulaq məscidi Ağdam rayonu ərazisində yerləşir.