Toronto, Ontario əyaləti (27 noyabr, 2020-ci il) - Noyabrın 26-da Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Kanadanın Xarici İşlər Naziri Fransua-Filip Şampeyn ilə görüşüblər. Görüş KAŞ-ın təşəbbüsü ilə baş tutub və videokonfrans formatında keçirilib.
Görüşün əsas məqsədi sentyabrın 27-də Ermənistanın təxribatı ilə başlayan və noyabrın 10-da Azərbaycan qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsi barədə Kanadalı azərbaycanlıların fikirlərini Xarici işlər nazirinə çatdırmaq olmuşdur. Görüş zamanı bildirilmişdir ki, Kanadalı Azərbaycanlılar Şəbəkəsi Kanadanın sözügedən münaqişəyə dair mövqeyini yaxından izləyir. Kanada vətəndaşları olaraq bu ölkənin siyasətinin formalaşmasında azərbaycanlıların da fikirlərinin eşidilməsi Kanadanın xarici siyasətinin daha ədalətli və qərəzsiz olmasına xidmət edir.
Nazir Şampeyn deyilən fikirləri diqqətlə dinləmiş, baş vermiş müharibədə insan həyatının itirilməsini fəlakət adlandımış və müharibə başlayan ilk gündən etibarən hərbi əməliyyatların dayandırlması üçün səy göstərdiyini bildirmişdir. O, eyni zamanda, Kanadalı azərbaycanlıların sözügedən münaqişə barədə fikirlərinə hörmətlə yanaşdığını və bu görüşün onun üçün məlumat əldə etmək baxımından çox faydalı olduğunu bildirmişdir.
Görüşdə KAŞ-ın Vankuver, Edmonton, Kalqari, Toronto, Ottava və Montreal-dan olan üzvləri iştirak etmişlər. Görüş iştirakçıları arasında əslən işğaldan yeni azad edilmiş Fizuli və Şuşadan olan KAŞ üzvlərinin olması da nazirin diqqətinə çatdırılmışdır. Bundan əlavə işğaldan azad edilmiş ərazilərin reabilitasiyası və minalardan təmizlənməsi işlərində Kanadanın yardım etməsinin mümkünlüyünə baxılması nazirdən xahiş edilmişdir.
KAŞ Kanadanın Azərbaycan əsilli əhalisini narahat edən məsələlər barədə bu günədək Kanada parlamentinin üzvləri və senatorlar, əyalət parlamentinin üzvləri və yerli hökumət nümayəndələri ilə sıx təmasda olmuş və intensiv görüşlər keçirmişdir.