Hazırda pandemiya dövrüdür, sərtləşdiriliş karantin rejimi tətbiq edilib. Son həftələrdə 4 mindən artıq yoluxma sayı qeydə alınıb. Dövlət tərəfindən tədbirlər görülür. Lakin səhiyyə sisteminin gücü limitsiz deyil. Biz xalqımızın, cəmiyyətimizin, insanlarımızın qeydinə qalmalıyıq. Ona görə də düşünürəm ki, paradı evdən izləmək daha məqsədəuyğundur. Parad keçirilən əraziyə giriş məhdudiyyətinin olması da düzgün addımdır, insanları qorumalıyıq.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Üçüncü Ordu Korpusunun sabiq komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
Onun sözlərinə görə, insanlar qərara düzgün yanaşmalıdırlar, parada girişə icazə verilməməsi xəstəliyin artmasının qarşısını almaq üçündür:
"Dövlətimiz çalışır ki, müharibədə qələbə çaldığımız kimi, pandemiyaya da buna nail olaq. Bunun üçün də özümüzü qorumalıyıq.
44 gün ərzində qələbə xəbərləri aldıq, sevincimizi ifadə etmək üçün küçələrə axın etdik, qələbəmizi qeyd etdik. Lakin bu da müəyyən şəkildə virusa yoluxanların sayının artmasına səbəb oldu. Digər tərəfdən isə parada girişə icazə verilsə belə, oraya maksimum 10 min insan toplaşa bilir, qalanları isə ekran başında izləyir".
Sabah keçiriləcək Qələbə paradı haqqında danışan Şair Ramaldanov bildirib ki, bu parad tarixdə ən önəmli tədbir kimi yadda qalacaq, qızıl hərflərlə bizim tariximizdə yazılacaq:
"Biz bəlkə də bunun mahiyyətini hələ tam şəkildə dərk edə bilmirik. Tarix boyu Azərbaycanda belə qələbə olmayıb. 44 gün ərzində minimum itki ilə 30 ildir işğalda olan 20 faiz ərazini azad etmək çox böyük tarixdir. Düşünürəm ki, paradda həmin döyüşlərin iştirakçıları iştirak edəcək. Hərbi hissələrdən nümayəndələr paradda sıra ilə keçəcəklər. Paradda 3 minə yaxın şəxsi heyət, 150 texnika iştirak edir. Onların arasında artilleriya raket yayım qurğuları, zirehli texnika, hava hücumundan müdafiə texnikaları, o cümlədən düşməndən qənimət götürülən texnikalar, yeni alınan silah texnikaları nümayiş etdiriləcək. Burada dəniz qüvvələrinin gəmiləri, iştirak edəcək, hərbi hava qüvvələri öz məharətini göstərəcək. Möhtəşəm parad olacaq. Düşünürəm ki, bu parad öz tarixi ilə necə seçilirsə, möhtəşəmliyi ilə də seçiləcək".