10 Dekabr 2020 18:12
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

10 dekabr Zəfər Paradı Azərbaycan xalqının tarixində çox mühüm iz qoyacaq. Müstəqilliyimizə bir növ sərhədsiz qədəm qoymuşduq. Çünki SSRİ süquta uğradıqdan sonra mənfur qonşumuz Ermənistan Azərbaycana qarşı əsassız ərazi iddiası ilə çıxış etdi. Bunun nəticəsində sərhədlərimizin əhəmiyyətli hissəsi erməni işğalına düşdü. Postsovet ölkələri içərisində təkcə Azərbaycan müstəqillik tarixinə ərazi bütövlüyü pozulmuş halda qədəm qoydu.

Bunu Teleqraf.com-a Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvü Elşad Mirbəşiroğlu deyib.

Onun fikrincə, Azərbaycan sərhədlərinin bir hissəsinə 30 ilə yaxın nəzarət edə bilmirdi:

“Azərbaycan münaqişənin dinc yollarla tənzimlənməsi üçün bütün vasitələrini səfərbər etdi. Çünki regionun təhlükəsizlik, sülh missiyasını Azərbaycan üzərində hiss edirdi. Regionun təhlükəsizliyi Azərbaycanın fəaliyyəti, yaratmış olduğu əməkdaşlıqla bağlıdır. Amma ölkəmiz ərazisini dinc vasitələrlə geri qaytarmaq cəhdləri səmərə vermədi. Dövlətimiz malik olduğu gücdən istifadə edərək ərazi bütövlüyünü bərpa etdi. Bununla sərhədlərimiz üzərində tam nəzarət təmin olundu".

Elşad Mirbəşirğoğlu qeyd edib ki, müstəqillik tariximizdə ilk dəfə olaraq dövlət sərhədlərimizə tam nəzarət həyata keçirilir:

“Paradı xüsusi edən amillərdən biri məhz budur. Sərhədlərin bərpasına nəzarəti qeyd edirik. Çünki hərbi paradlar xüsusi məqamlarla bağlı olur. Qələbə paradı dövlətimizin, xalqımızın tarixi qələbəsini ifadə edir. Qələbə paradının ən vacib töhfəsi Vətən müharibəsi haqqında tarixi yaddaşın formalaşmasıdır. Sonrakı nəsillərə buraxacağımız mənəvi, psixoloji qürur hisləri haqqında da düşünmək vacibdir”.

Komitə üzvü söyləyib ki, Zəfər paradı gələcək nəsillərə qələbə ruhunun saxlanılmasında mühüm rol oynayacaq:

“Böyük Vətən müharibəsindəki qələbə xalqlarda həmrəyliyin, ortaq dəyərin, mənəvi psixoloji durumun saxlanılması baxımından öz təsirini qoruyur. Bunu da məhz parad amili şərtləndirir. Qələbə paradımız bundan sonra da davamlı olaraq keçiriləcək. Azərbaycan xalqının qələbə tarixini möhkəmləndirəcək, tarixi yaddaşımızı davamlı gücləndirəcək. Zəfərimizin Azərbaycan xalqının iradəsi, dövlətinin gücünün ifadəsidir. Dünyaya inamlı qələbə qazandığımızı, bunun nəticələrini sonadak qoruyacağımızı şərtləndirir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər