Bu gün Milli Məclisin Gənclər və idman komitəsində şəhid ailəsi, Vətən müharibəsinin iştirakçıları və idmançılarla xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq növbəti görüş keçirilib.
Teleqraf.com xəbər verir ki, görüşdə Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ordumuzun döyüş meydanında qazandığı tarixi qələbədən, habelə diplomatik müstəvidə görülən işlərin uğurlu nəticəsindən danışıb.
Bildirib ki, bu gün şəhid ailələri və qazilərimiz daim dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunub, onları narahat edən məsələlərin dərhal həll edilməsi prioritet təşkil edir.
Söhbət zamanı Vətən müharibəsindən sonra da gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin zəruriliyi, idmanın gənclərin və yeniyetmələrin həyat tərzinə çevrilməsi və bununla da gənclərin zərərli vərdişlərdən uzaq olması, habelə ölkəmizi xarici ölkələrdə təmsil edən gənclərimizin daim milli-mənəvi dəyərlərimizə bağlı olmalarının vacibliyi barədə müzakirələr aparılıb.
Sonda Vətən müharibəsi qazisi Elvin Cəfərova və görüşdə iştirak edənlərin bir qisminə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri Fərmanı təqdim olunub.