Bir ildən çox müddətdir ki, pandemiyalı şəraitdə yaşayırıq. Ötən ilin Ramazan ayında insanlar ibadətlərini, namaz qılmaları və iftar süfrələrini kütləvi şəkildə təşkil etməməklə bir təcrübə ortaya qoydular.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi üzvü Azər Badamov deyib.
O bildirib ki, pandemiyanın hələ də davam etdiyi bu il də heç bir tədbirlərdə kütləviliyə imkan verilməməlidir:
“Namazı da, iftarı da evdə etmək mümkündür. Allah bəndələrini hər yerdə görür. Əsası odur ki, düz yolda olasan, əməllərin düz olsun”.
Deputat bildirib ki, epidemiya şəraitində məscidlərdə kütləvi yığışaraq digər şəxslər üçün təhlükə yaratmaq Allaha da xoş gəlməz:
“Ona görə də hər bir dindar bu il də bütün ibadətlərini fərdi qaydada icra etməlidir. Ramazan ayında pandemiyaya qarşı mübarizə tədbirlərinin effektivliyinin artacağını və yoluxmaların sayında kəskin azalmaların olacağını düşünürəm. Çünki oruc tutan insanlar restoran, kafe və çayxanalardan uzaq olur, daha çox təmizliyə və paklığa riayət edirlər. İnfeksiyaya yoluxmaların baş verməməsi üçün ən vacib məsələ şəxsi gigiyenaya riayət olunmasıdır. Ramazan ayında insanlar bu tələblərə daha yüksək səviyyədə əməl edəcəklərini düşünürəm”.