Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının ötənilki fəaliyyəti ilə bağlı hesabat müzakirəyə çıxarılıb.
Teleqraf.com xəbər verir ki, hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edir.
Palata sədri bildirib ki, ötənilki nəzarət tədbirləri daha çox aqrar sahəni, dövlət satınalmaları, maliyyə hesabatlarının təhlili, həmçinin büdcənin planlaşdırılması və icrası sahələrini, DSMF-nin hesabatlılığını əhatə edib.
V. Gülməmmədov qeyd edib ki, subsidiyalara müraciət edən istehsalçıların sadəcə dörddə biri torpaqlara mülkiyyət hüququna dair çıxarışla təmin edilib, becərilən torpaqların 33,7 faizi dövlət dəstəyindən kənarda qalıb: “Mühasibat uçotunun aparılmasında ixtisaslaşmış kadrların çatışmazlığı, səriştəli kadrların isə özəl sektora axını müşahidə olunub”.
Hesablama Palatasının sədri deyib ki, il ərzində aparılan auditlərlə müəyyən olunub ki, hesabatlarda düzgün əks etdirilməyən məbləğ 412,4 milyon manat təşkil edir: “Mühasibatlıq prinsiplərinə əməl edilməməsi və mühasibat yazılışlarının doğru verilməməsi hallarına aid edilən məbləğ isə ümumilikdə 335,4 milyon manat həcmindədir. 2020-ci ildə başa çatdırılmış 34 audit üzrə nəticələrə əsasən 452 halda nöqsan müəyyən edilib. Hesabat ilində ümumilikdə 130,3 milyon manat qeyd edilmiş nöqsan təsnifatı üzrə hüquqi aktların pozulması ilə icra olunub.
Vüqar Gülməmmədov əlavə edib ki, Hesablama Palatası ictimai təşkilatlarla əməkdaşlıq edir, habelə Türkiyənin müvafiq Hesablama Palatası ilə təcrübə bölüşümü edir.