“Uzun müddətdir ölkədə internetin keyfiyyəti, əlçatanlığı və qiyməti ilə bağlı ciddi problem var. Regionlarda internet xidmətində ADSL texnologiya üstünlük təşkil etdiyindən istifadəçilərin “çəkidə aldadılması”, yəni müqavilədəki sürəti əldə edə bilməməsi adi hala çevrilib”.
Teleqraf.com xəbər verir ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bu qənaətdədir.
O deyir ki, hər istifadəçiyə düşən orta internet sürətinə görə vəziyyət qənaətbəxş deyil: “Ötən dövrlərdə bu problemin həlli istiqamətində müəyyən cəhdlər olsa da, uğurlu nəticə hələlik yoxdur. Hökumət yalnız bir dəfə - 2014-cü ildə kompleks şəkildə ölkə boyu bu problemi həll etmək üçün nəhəng bir proqram hazırlamışdı və büdcədən 0.5 milyard manat nəzərdə tutulmuşdu. Lakin son anda hökumət büdcə vəsaitini bu problemin həllinə xərcləmək istəmədi və proqram da reallaşmadı.
Sonradan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) keçmiş rəhbəri özəl provayderləri tam kənarlaşdırmaqla, yalnız dövlət provayderləri və büdcə vəsaitləri hesabına bu problemi həll etmək istədi, amma yenə real nəticə əldə olunmadı”.
Osman Gündüzün müşahidələrinə görə, son zamanlar özəl provayderlərə qoyulan qadağaların bir çoxu aradan qaldırılıb:
“Onlar dövlətə məxsus kabel-kanal sistemindən istifadə edə bilirlər. Maraqlısı budur ki, özəl provayderlər əvvəllər olduğu kimi kommersiya baxımından cəlbedici olmayan ərazilərə getmək istəyəcəklərmi?
Bildiyim qədər NRYTN ölkə boyu bu problemi həll etmək üçün yenidən bir konseptual sənəd – hər bir ərazidə keyfiyyətli və əlçatan internet üçün proqram ortaya çıxarmaq üzərində işləyir. Bu məqsədlə xarici qurumlar da işə cəlb edilib. Əsəs prinsip olaraq dövlət-özəl tərəfdaşlığı qəbul edilib. Yəni, Bakı ətrafı və regionlarda, xüsusən də kəndlərdə internet problemini bu prinsip əsas götürülməklə, dövlət və özəl provayderlərin birgə iştirakı ilə həll etmək nəzərdə tutulub.
Güman etmək olar ki, özəl provayderlərə yalnız kommersiya baxımından cəlbedici olan ərazilərdə deyil, əhali sayı az olan yaşayış məntəqələrində də internet infrastrukturu qurmaq təklif olunacaq.
Görünən odur ki, nazirlik problemi fiber-optik, GPON, LTE və Wi-Fi mobil operatorların baza stansiyalarından, internetin imkanlarından istifadə etməklə birdəfəlik həll etmək niyyətindədir.
Özəllərin potensialından istifadə edilməsi isə müxtəlif ərazilərdə genişzolaqlı texnologiyaların tətbiqi doğru yanaşmadır. Bu addım xüsusilə də regionlarda “Aztelekom”un hökmranlığına sona qoya biləcək. Hazırda “Azərkosmos”un məhdud trafikini nəzərə almasaq, ölkəyə internet iki mərkəzdən daxil olur – “Delta Telecom” və “AzerTelecom”. Strateji Yol Xəritəsində daha bir magistral provayderin açılması nəzərdə tutulurdu.
Düşünmək olar ki, nazirlik “Aztelekom”u İnvestisiya Holdinqinin idarəetməsindən çıxarmaqla gələcəkdə bu qurumu gücləndirmək, magistral operatora çevirmək və pərakəndə internet satışı bazarından çıxarmağı nəzərdə tutub”.
Ekspertin qənaətincə, nazirlik ucqar ərazilərdə, kəndlərdə magistral internet inftrastrukturun qurulması prosesinə magistral provayderləri cəlb etməli, dayanıqlıq üçün alternativ infrastruktur yaradılmalıdır: “Fikrimcə, uzun illər oturuşmuş olan “Aztelekom” və “Baktelekom” dövlət operatorlarının xüsusi çəkisi, üstün mövqeyi, eyni zamanda “Azercell” dövlət şirkətinə məxsus “Azeronline” provayderinin yerlərdə aktivləşməsi sektorda dövlətin xüsusi çəkisini artrmaqla sərbəst və azad rəqabət üçün ciddi problemlər yarada bilər.
Bu baxımdan hökumət tərəfindən sektorda müstəqil tənzimləyici qurumun tezliklə formalaşdırılması, keyfiyyətsiz xidmət verən provayderlərə qarşı sərt tədbirlərin, cəzaların müəyyən edilməsi vacibdir”.