Azərbaycan ərazisində terror-təxribat və digər əməllər törətməkdə təqsirləndirilən erməni silahlı dəstələrinin 14 üzvü - Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç, Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asetryan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Kamoyeviç, Sedrakyan Romik Misakini, Minasyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç və Karapetyan Yuri Tiqranoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilir
Teleqraf.com-un xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Asetryan Gevorq Norairoviç ifadə verib.
O ifadəsində bildirib ki, noyabrın 27-də onları Gümrüdə yerləşən hərbi komissarlıqda toplayaraq Laçına gətiblər: "Laçında səhərin açılmağını gözlədik. Səhər açıldı, qarşımızda rus sülhməramlıları vardı. Onlar bizi yoxlamadan yola saldılar. "Ural"larla biz 40 dəqiqə yol getdik. Hansısa dağın ətəyində maşın dayandı. Orada dağı piyada qalxmağa başladıq. Dedilər ki, həmin ərazidə olan erməni əsgərləri dəyişəcəyik. O zaman komandirimiz polkovnik-leytenant Arsen Kazaryan idi. O, bizi dağın başında bir nöqtədə yerləşdirib dedi ki, lazım olanda gələcək. Biz orada yalnız müşahidə aparırdıq. 10 gündən çox orda qaldıq. Dekabrın 13-də bizə tapşırıq gəldi ki, dağdan düşün. Dedilər ki, evə qayıdırsız. Biz də həmin gün dağdan aşağı endik. Həmin vaxt Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlandıq. Heç bir müqavimət göstərmədən təslim olduq. Bütün silahlarımızı Azərbaycan əsgərlərinə təhvil verdik".
Prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs qeyd edib ki, hazırda universitetdə oxuyur: "Mən tələbə olmamışdan qabaq 2015-2017-ci illərdə Əsgəranda hərbi xidmətdə olmuşam. Həmin ərazilərin Azərbaycan torpaqların olduğunu bilmirdim. Komandirmizlər nə əmr veriblərsə, biz ona tabe olumuşuq. Biz orada etiraz etsəydik, həbs olunacaqdıq. Hərbi Komisarlıqda olan zaman bizə dedilər ki, sərhədlərimizi qoruyacağıq. Təhkim olunduğumuz yerdə hamısı erməni əsgərləri idi. Düşündük ki, Ermənistan ərazisindəyik. Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanat barəsində xəbərim var idi. Sosial şəbəkə vasitəsi ilə oxumuşdum. Lakin biz getdiyimiz hər yerdə ermənilər var idi, həm də əmrə tabe olurduq. Bizə komandirlərimiz nə əmr verirdisə, onu icra edirdik. Hərbi Komissarlıqda avtomat vermişdilər, onun da 4 darağı vardı. Ümumi rəhbərimiz Arsen Kazaryan idi. Lakin dağa qalxanda qruplara böldülər. Mənim olduğum qrupa Serobyan Geğam rəhbərlik edirdi. Heç bir silahdan istifadə olunmayıb. Bizə hər hansı bir yaşayış yerinə hücum etmək və yaxud döyüş barədə tapşırıq almamışıq".
Asetryan Gevorq Norairoviçin məhkəmədə verdiyi ifadə ilə istintaqda verdiyi ifadəsi arasında ziddiyyət yaranıb. Bu səbəbdən onun istintaqa verdiyi ifadə elan edilib.
İstintaqda ifadəsində bildirib ki, olduqları ərazidə Azərbaycan Ordusunun hərbçiləri gələcəyi təqdirdə silahla müqavimət göstərməklə bağlı tapşırıq alıblar.
Asetryan Gevorq Norairoviç ifadəsini təsdiqləyib.
Daha sonra təqsirləndirilən şəxs qismində Hakobyan Volodiya Vaçaqani ifadə verib. Təqsirləndirilən şəxs qeyd edib ki, noyabr ayında çağırışçı kimi Gümrüdəki Hərbi Komissarlığa dəvət olunub: "Ayın 27-də komissarlıqda bildirdilər ki, gedib ərazidə olan hərbçilərimizin növbəsini təhvil alacağıq. Onlar istirahət edəndən sonra qayıdacağıq. Bizə komisarlıqda avtomat və 4 daraq patronla təmin olunduq. "Ural"a mindik. Gecə Laçına çatdıq. Orada səhərə qədər gözlədik. Qarşımızda rus sülməmaramlıları vardı. Komandirimiz Kazaryan onlarla nəsə danışdı. Bizi yoxlamadan yol vedilər. Təxminən 40-50 dəqiqə yol getdik. Dağın ətəyində düşdük. Kazaryan bizi dağın başına çıxartdı. Dedi ki, bir neçə gün burda qalıb müşahidə aparacağıq. Palatkalar qurdular, ərzaqla təmin olunurduq. Kazaryanın dediyi vaxt keçsə də, gəlib bizə baş çəkmədi. Olduğum yerdə vəziyyətimiz çox çətin idi. Hava şəraiti soyuq idi. Palatkada məskunlaşmışdıq. Kazaryan dekabrın 13-də tapşırıq verdi ki, dağdan aşağı düşün. Bildirdilər ki, yeni növbə gəlir, biz evə gedirik. Dağdan düşəndə yolu səhv saldıq, Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanıldıq. 60 nəfərə yaxın idik. Heç bir müqavimət göstərmədən onlara təslim olduq. Silah və sursatımızı təhvil verdik. Azərbaycanlılar dedi ki, silahları təhvil verəndən sonra bizi ruslara təhvil verəcəklər".
Prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs bildirib ki, Hərbi Komissarlıqdan çıxan zaman hara getdiklərindən xəbərləri olmayıb: " Laçına çatandan sonra bildim ki, Azərbaycan ərazisinə daxil olmuşuq. Ümumi komandirimiz Arsen Kazaryan idi. Bizi 30 nəfərlik dəstələrə bölmüşdülər. Bizim dəstəyə Serobyan Geğam Samveloviç rəhbərlik edirdi. Həmin ərazidə qaldığımız müddətdə heç bir silahdan istifadə edilməyib. Müharibə qutarması haqda məlumatımız vardı. 2012-2014-cü illərdə Cəbrayılda hərbi xidmət keçmişəm".
Serobyan Geğam Samveloviç məhkəmədə və istintaqdakı ifadələrində ziddiyyət yarandığından ifadəsi elan olunub. O, məhkəmədə verdiyi ifadəni təsdiqləyib.
Prosesdə Minosyan Mkrtıç Simonoviçə sərbəst ifadə vermək təklif edilib.
Mkrtıç Minosyan bildirib ki, Gümrü şəhərində yaşayıb: "Noyabrın ayında çağırış üzrə Hərbi Komissarlığa dəvət olundum. Hərbi Komissarlıqda silahlandırıldıq. Bir avtomat və 4 ədəd patron daraqla təmin edildik. Gecə Laçına gəldik. Gecəni avtobuslarda yatdıq. Səhəri rus əsgərlərinin yanından keçdik. Bizi yoxlamadan yolu açdılar. Biz "Ural"la 40-45 dəqiqə yol getdik. Dağın ətəyində dayandıq. Komandirimiz Arsen Kazaryan çıxış edərək bildirdi ki, işimiz burada müşahidə aparmaqdır. Daha sonra bizi dəstələrə böldülər. Dağın başıma qalxdıq, qida ilə təmin olunurduq. 10 gündən artıq orada məskunlaşdıq. Qaldığımız müddətdə heç bir silahlı insident baş vermədi. Dekabrın 13-də tapşırıq gəldi ki, dağdan düşün. Biz aşağı düşən zaman Azərbaycan Ordusu bizi saxladı, silah-sursatımızı onlara təhvil verərək təslim oldum".
Prokurorun suallarını cavablandıran şəxs bildirib ki, 2016-2018-ci illərdə Xocalıda hərbi xidmətdə olub:
"Həmin ərazilərin Azərbaycana aid olduğundan xəbərim var idi. Lakin hərbi qulluqçu olduğum üçün verilən əmrləri sorğulamırdıq. Ümumi komandirim Kazaryan olub, lakin dəstələrə bölünəndən sonra bizə
Avakyan Qraç Arzumanoviç rəhbərlik edirdi".
Minosyan Mkrtıç Simonoviç istintaqdakı ifadəsində deyib ki, müşahidə apardıqları yerə Azərbaycan ordusunun əsgərləri gələn zaman onlara silahlı müqavimət göstərəcəkdilər: "Arsen Kazaryan bizə demişdi ki, durduğum yer Ermənistanın ərazisidir. Bu səbəbdən həmin ərazilərə qarşı tərəfin hərbçiləri gələcəyi təqdirdə silahla onlara atəş açmalıydıq".
Daha sorna prosesdə Karapetyan Yuri Tiqranoviç ifadə verib. O bildirib ki, noyabrın 26-da hərbi komisarlıqdan ona zəng gəlib: " Evə zəng gəldi, bildirdilər ki, təcili gəlməlisən. Gəlməyəcəyim təqdirdə, cinayət məsuliyyətinə cəlb olunacam. Ayın 27-də Gümrüdə yerləşən hərbi komisarlığa getdim. Bizə bildirildi ki, Ermənistan sərhədini qorumağa gedirsiniz. Silahla təmin olunduq. Avtobuslara minərək yola düşdük. Yolda yatmışdım, oyanda gördüm ki, Laçındayıq. Həmin vaxtı orda erməni mülki vətəndaşlar var idi. Alış-verişlə məşğul idilər. Bizi "Ural"a mindirdilər. Rus sülhməramlıların yanından keçdik. Bizi heç kim yoxlamadı. Təxminən 40 dəqiqə yol gedərək, tanımadığım bir dağın yanına gətirdilər. Həmin yerdə erməni silahlıları var idi. Bizə dedilər ki, bir-iki gün qalacaqsız. Lakin bizi aldatdılar. Biz 10 gündən artıq orada çadırlarda qaldıq. Bizə dedilər ki, aşağı düşün ərzaq götürün. Dedikləri yerə gedəndə heç kim yox idi. Bir az da aşağı düşdük. Həmin azərbaycanlı hərbiçilərlə qarşılaşdıq. Biz silahlarımızı təhvil verərək təslim olduq".
Prokurorun suallarına cavab olaraq qeyd edib ki, 2015-2017-ci illərdə Ermənistan ərazisində hərbi xidmət keçib:
"Ümumiyyətlə məktəbi yaxşı oxumamışam, getdiyim yerlərin Azərbaycan ərazisi olduğundan xəbərim olmayıb. Biz Hərbi Komissarlıqdan çıxan zaman hara getdiyimizi söyləməyiblər. Bircə onu dedilər ki, Ermənistan sərhədindəki hərbi qulluqçularımızın növbəsini dəyişəcəyik, onlar istirahət edəcək. Daha sonra gəlib bizi dəyişəcəklər".
Sedrakyan Romik Misakiniyə ifadə vermək təklif edilib.
O da digərləri kimi Gümrü şəhərindəki komisarlıqdan Laçına yola düşüb: "Komandirimiz Arsen Kazaryan bizimlə bir yerdə idi. Gecə Laçın ərazisinə çatdıq. Bizin hara gəldiyimizdən xəbərimiz yox idi. Orda olan mülki vətəndaşlardan soruşduq ki, bura haradır. Bizə dedilər ki, Laçındasınız. Hərbi Komissarlıqda bizə deyilməmişdi ki, Qarabağa gedirik. Laçından "Ural"a mindik. Yolda rus sülhməramlılarının yanından keçdik. Bizi heç kim yoxlamadı. Hərbi Komissarlıqdan çıxanda bizə silah və patronlar vermişdilər. Laçından 40-50 dəqiqə yol gəldik. "Ural"dan düşüb, piyada xeyli yol getdik. Komandirimiz Kazaryan dedi ki, iki gün xidmət edəndən sonra sizi gəlib aparacağam. Amma o, bizi aldatdı. Daha sonra dedilər ki, dekabrın 12-də gəlib bizi götürəcəklər. Yenə gəlmədilər. Ayın 13-də ərzaqla bağlı aşağı endik. Həmin vaxt Azərbaycan Silahlı Qüvvələri ilə rastlaşdıq. Onlara silahlarımızı təhvil verərək təslim olduq".
Prokurorun suallarına cavablandıran Sedrakyan Romik Misakini qeyd edib ki, onun olduğu 30 nəfərlik dəstəyə Serobyan Geğam Samveloviç rəhbərlik edib: "Ümumi komandirimiz Arsen Kazaryan idi. Lakin dəstələrə bölüb, ayrı nöqtlələrə xidmət etməyə göndərdilər. Bizə silahdan istifadə etməməyi tapşırmışdılar. Bizim işimiz lakin müşahidə etmək idi. Onsuz da biz olan yerdə heç kim yox idi".
Təqsirləndirilən şəxs istintaqdakı ifadəsində bildirib ki, məqsədləri qaravulda dayanaraq kiminsə olduqları yerdən keçməsinin qarşısını almaq və Azərbaycan ordusuna silahla müqavimət göstərmək olub.
Prosesdə fasilə elan olunub.