Bakıda Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adına salınan parkın açılışı gecikir. Parkın Polad Həşimovun şəhadətinin birinci ilində açılması gözlənilirdi.
Xətai Rayon İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdiri Pənah İmanov Teleqraf.com-a gecikmənin səbəbini izah edib.
O bildirib ki, hər bir işin başlama tarixi olduğu kimi, bitmə müddəti də var: “Ümumi götürəndə park tam şəkildə hazırdır. Sadəcə işin keyfiyyətli görülməsi üçün parka yaxın olan binaların fasadları təmir olunur, həm də asfaltlanma işləri gedir. Qısa müddətdə kompleks şəkildə işləri tam yekunlaşdırdıqdan sonra açılış nəzərdə tutulur. Sonra elə deyilməsin ki, park özü hazırdır, ətrafı yox”.
Pənah İmanovun sözlərinə görə, parkın yaradılması təşəbbüsü Xətai Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən irəli sürülüb: “Xətai rayonunda yerləşən Naximov küçəsinin adı dəyişdirilərək, Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adı verildi. Məlumdur ki, Hərbi Qənimətlər Parkı Xətai rayonunun 8 Noyabr prospektindən (keçmiş Nobel prospekti) Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qədər ərazidə yerləşir. Bu prospekt bitəndən sonra Polad Həşimov küçəsi başlayır. İki il bundan öncə həmin ərazidə geniş abadlıq işləri aparılıb. Sadəcə bu küçənin adı dəyişdiriləndən sonra qərara gəlindi ki, burada gözəl bir park da salınsın. Naximov küçəsinin adı dəyişdirilməsinə dair sərəncam aprelin 13-də verilib. Yəni küçənin adının dəyişdirilməsi və ərazidə Polad Həşimov adına parkın salınması ilə bağlı qərar 4 aya yaxındır verilib. Parkda görülən işlər də bu müddət ərzində icra olunub”.
Şöbə müdiri onu da qeyd edib ki, parkda yaradılan abidə kompleksinə Polad Həşimovla yanaşı, həmin ərazidə yaşamış və 44 günlük Vətən müharibəsində şəhid olmuş 8 hərbiçimizin də xatirə lövhəsi vurulub: “Bütün işlərimizi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsinə uyğunlaşdıraraq görürük. Yaxın zamanlarda Polad Həşimov adına parkın təntənəli şəkildə açılışı olacaq. Görülən işlər çərçivəsində uşaqdan böyüyə hər kəsin rahatlığının təmin olunması nəzərdə tutulub. Bu məqsədlə də parkda idman qurğuları, attraksionlar, yaşlı insanların asudə vaxtlarını səmərəli keçirməsi üçün oturacaqlar quraşdırılıb. Həmçinin parkın ərazisinə qazon örtüyü vurulub, dekorativ ağaclar əkilib, günlüklər quraşdırılıb. Bir sözlə, işlər ardıcıllıqla və kompleks şəkildə davam etdirilir. Bu park Polad Həşimovun və şəhidlərin adınadır. Burada əsas mahiyyət işin keyfiyyəti və nəticəsidir”.