Koronavirusa yoluxmadakı statistika narahatedici məsələdir. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru da müraciətində bildirdi ki, sentyabr ayına kimi dünya əhalisinin 10 faizi vaksinasiyadan keçsə, bu, mübarizəmizin hələ bir hissəsi olacaq. Bu, o deməkdir ki, pandemiya hələ başa çatmayıb.
Bunu Teleqraf.com-a Milli Məclisin səhiyyə komitəsinin üzvü, millət vəkili İlham Məmmədov deyib.
Onun fikrincə, yay mövsümü, turist səfərləri, ayrı-ayrı ölkələrdən qonaqların gəlməsi, toyların keçirilməsi və sair amillər hələ də virusun yayılmasında təhlükə hesab olunur. Bu gün virus "demokl qılıncı" kimi başımızın üzərindəki təhlükə səviyyəsindədir".
Komitə üzvünə görə, insanlarımızın vaksinləşmədən sürətli və mütəşəkkil şəkildə keçməsi tövsiyə olunur: "Ötən ilin bu dövründə bir ailədə bir nəfər virusa yoluxurdusa, həmin ailədə hamının yoluxma riski vardı. Amma bu gün ailələrdə iki, üç nəfər vaksin olunmuş insanlar varsa, bu risk yoxdur. Vaksin olunan şəxslər virusa yoluxsa belə onu çox yüngül şəkildə keçirir. Onun reanimasiyaya düşmək təhlükəsi də az olur".
İlham Məmmədov qeyd edib ki, reanimasiyalarda virusa yoluxaraq ağır duruma düşənlərin əksəriyyəti vaksin olunmayanlardır: "Bütün bunları nəzərə alaraq insanlarımıza pandemiya ilə mübarizədə "qızıl açar" hesab olunan vaksinasiyada iştirak etməyi tövsiyə edirik. Maska, məsafə, gigiyenaya riayət etmək də vacibdir. Açıq havada maska taxmaq məcburi olmasa da, insanlar öz sağlamlıqları naminə bunu etməlidirlər. İctimai yerlərdə insanların maskadan istifadəsi ən başlıca şərtdir".