13 Noyabr 2014 01:20
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Ordusu düşmənin istənilən təxribatının qarşısını almağa hazırdır”.

Bunu Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Ermənistan Müdafiə Nazirliyinin Azərbaycanın ünvanına hədə-qorxu xarakterli, helikopterin vurulmasının guya Azərbaycan üçün ağrılı nəticələrə gətirib çıxaracağına dair bəyanatına münasibət bildirərkən deyib.

V.Dərgahlı deyib ki, onsuz da müdafiənin ön xəttində olan bölmələrimiz daim döyüş hazırlığı vəziyyətindədir: “Onlar düşmənin istənilən ehtimal oluna biləcək və atacağı hər bir addımının qarşısını qabaqcadan almağa hazırdırlar”.

Müdafiə Nazirliyinin rəsmisi hesab edir ki, Ermənistan Hava Qüvvələrinin helikopterlərinin mövqeyimizə hücumu erməni tərəfinin növbəti təxribatıdır: “Onlar zərbələrlə mövqelərimizə hücum ediblər. Bu dəfə bütün hədləri aşdılar. Ona görə də Silahlı Qüvvələrimizin bölmələri məcbur olublar ki, cavab atəşi açsınlar və hücum etmiş iki helikopterin birini vurublar. Amma onlardan ikincisi hədəfdən yayına bilib”.

V.Dərgahlı bildirib ki, son günlər ermənilər tərəfindən atəşkəs rejiminin pozulması hallarının artması da bu təxribatın tərkib hissəsi ola bilər: “Ümumiyyətlə, işğal olunmuş ərazilərdə ermənilər tərəfindəm hərbi təlimlərin keçirilməsi, eyni zamanda Ermənistan tərəfindən millitarist ruhda videokadrların, yəni zenit-raket komplekslərinin, aviasiyanın, digər hərbi texnikaların təlimlərinin kadrlarının yayılması da bu təxribatın tərkib hissəsidir.

Bu işlərə Ermənistandakı hərbi texnikaların cəlb olunması hamısı silsilə şəkildə Ermənistan tərəfindən davamlı olaraq Azərbaycana qarşı onların hərbi-siyasi rejimlərinin rəhbərlərinin təxribatlarının nəticəsidir. Bütün bunlar onu sübut edir ki, düşmən təxribatları mərhələli şəkildə yavaş-yavaş həyata keçirir”.

V.Dərgahlı, həmçinin son günlər Ermənistan Parlamentində Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına dair qanun layihəsinin müzakirəsini, azərbaycanlı girovların qondarma rejimin məhkəməsi tərəfindən ittiham edilməsini həm diqqəti qondarma respublikaya, həm də saxta “erməni soyqırımı”nın tanınmasına yönəldilmiş məqsədyönlü siyasətin tərkib hissəsi olduğunu da istisna etmir.

Qeyd edək ki, Ermənistan SQ tərəfindən keçirilən son təlimlər zamanı düşmən hərbi aviasiyası cəbhəyanı zonada 3 gündür ki, provokasiya xarakterli uçuşlar həyata keçirir.

Davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası bu gün daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib.

Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

İlkin məlumata görə, düşmənin məhv edilmiş helikopterində olan 3 hərbi qulluqçu həlak olub.


Müəllif:

Oxşar xəbərlər