24 Noyabr 2014 12:35
1 218
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə İranın tanınmış din alimlərindən olan Ayətullah əl-üzma Nasir Məkarim Şirazinin dəvəti ilə Qum şəhərində noyabrın 23-24-də gerçəkləşən “Ekstremist və təkfirçi cərəyanlar İslam alimlərinin baxışında” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edir.

QMİ-dən Teleqraf.com-a verilən məlumata görə, səfər zamanı A.Paşazadənin başçılıq etdiyi Azərbaycan nümayəndə heyətini Tehran Hava Limanında Qum Elmi Mərkəzinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Hüccətülislam Seyyid Ali-Əyyub qarşılayıb.

Noyabrın 23-də şeyx Qum şəhərində beynəlxalq konfransın işinə qatılıb. Dünyanın 83 ölkəsini təmsil edən tanınmış müsəlman din alimləri və nüfuzlu ictimai xadimlərin iştirakı ilə keçirilən tədbirin gündəmindəki mövzular dünyada baş verən münaqişə və savaşlara, radikallıq və ekstremizm tendensiyalarına, din adı ilə törədilən terror və cinayətlərə, həmçinin belə qlobal problemlərdən çıxış yollarına həsr edilib.

Beynəlxalq tədbirin təşkilatçısı olan Ayətullah Məkarim Şirazi konfransın keçirilməsinin iki başlıca məqsəd daşıdığını söyləyib: "Əvvəla məqsədimiz məzhəbindən asılı olmayaraq bütün dünyanın İslam alimlərini bir araya toplamaqdır. İkincisi isə, dünyaya sübut etməkdir ki, təkfirçilərin təqdim etdikləri İslam deyil. İslam - məhəbbət və mərhəmət dinidir".

Tədbir çərçivəsində Ayətullah Məkarim Şirazi A.Paşazadə ilə görüşüb. QMİ sədri görüşdə səmimi qəbula görə öz minnətdarlığını bildirib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını çatdırıb. Şeyxülislam Azərbaycanla İran arasındakı qarşılıqlı münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını qeyd edib. O, vurğulayıb ki, bu münasibətlərin möhkəmlənməsində iki qardaş xalqın ortaq dini dəyərləri bölüşməsi mühüm rol oynayır.

Bu gün isə A.Paşazadə beynəlxalq konfransda məruzə ilə çıxış edib.

Müsəlman və qeyri-müsəlman dünyasının bəzi qüvvələr tərəfindən məqsədyönlü şəkildə qarşıdurma vəziyyətinə gətirildiyini söyləyən QMİ sədri qeyd edib ki, müasir dünyada “Allahu əkbər!” nidası ilə müsəlmanların başı kəsilir, uşaq və yeniyetmələrə qoca və qadınlara rəhm olunmur: “Bəşəriyyət böyük təhlükə qarşısındadır və ən qorxulusu da odur ki, İslamın həm xarici, həm də daxili düşmənləri birləşərək dünyanın gözündə islami dəyərləri nüfuzdan salmaq, mənəviyyatımızı əlimizdən almaq istəyirlər.

Biz Azərbaycanın ayrılmaz və əzəli hissəsi olan Qarabağ torpaqlarının işğalını, Xocalı soyqırımını, erməni ekstremistlərinin mütəmadi terrorunun acılarını yaşayan, ata-baba yurdlarımızın talan edilərək viran qalmasının, məscidlərimizin dağıdılmasının, tarixi abidələrimizin məhv edilməsinin şahidi olan bir xalq kimi İraqdakı qətliamlara, Suriyadakı qardaş qırğınlarına, İŞİD-in hər gün Yaxın Şərqdə törətdiyi rəzalətlərə, Qüdsdəki hərbi cinayətlərə və terror aktlarına laqeyd qala bilmirik. Buna görə də biz ekstremizmlə, terrorla, ideoloji təxribatın mənbəyi olan təkfirçiliklə mübarizədə ən təsirli vasitələrdən birini islami həmrəylikdə və sülhsevər ictimaiyyətin vahid əməkdaşlığında görürük”.

Qeyd edək ki, A.Paşazadə İrana ikigünlük səfəri çərçivəsində dünyaşöhrətli İslam alimi, İraqın Nəcəf Elmi-Dini Mərkəzinin rəhbəri Ayətüllah əl-üzma Seyyid Əli Sistaninin xüsusi nümayəndəsi Ayətullah Seyid Cavad Şəhristani ilə də görüşüb. Səmimi şəraitdə keçən görüşdən sonra QMİ sədrinin şərəfinə ziyafət verilib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər