11 Noyabr 2022 19:09
2 138
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kriminalist Mahmud Hacıyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ötən gün Qaradağ Rayon Məhkəməsinin qərarı ilə İskəndər Mehtiyev adlı şəxsi bıçaqla qətlə yetirən meyxanaçı Rəşad Dağlı haqqında 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bir kriminalist kimi hadisə haqqında nə deyə bilərsiniz?

- Aydın məsələdir, Rəşad Dağlı haqqında həbs qətimkan tədbiri seçilməli idi.

- Hadisəyə sosial şəbəkələrdə insanların yanaşması fərqlidir. Sanki öldürənə rəğbət var. Bu haqda nə deyə bilərsiniz?

- Bu, yanlış yanaşma tərzidir. Hazırkı vəziyyətdə belə bir qayda var: ölən (zərərçəkmiş) tanınmırsa, vuran isə tanınmış adamdırsa, sosial şəbəkələrdə müzakirə başlayır, öldürən müdafiə edilir. Hazırda istintaq gedir. Bu hadisə qəsdən adam öldürmə cinayətidir. Kimsə kimisə qətlə yetiribsə, mütləq öldürəni müdafiə etmək lazımdır?!

Bu o demək deyil ki, kimsə kiməsə söz dedi, təhqiramiz ifadə işlətdisə, onu vurub öldürməlidir. Fikrimcə, istintaqın gedişatını, məhkəmə prosesini gözləmək lazımdır. Bu kimi hallarda öncədən fikir bildirmək hüquqi baxımdan düzgün deyil.

Cinayət tərkibini yaradan əlamətlər toplusu var, onlara qiymət veriləcək. Cinayət tərkibini yaradan əlamətlər toplusu hansılardır? Hadisənin subyektiv tərəfi nədir, cinayətin motivi nədən ibarətdir, hadisə nədən baş verib, nədən qaynaqlanıb? Hamısı araşdırılmalıdır.

Hadisəyə təqsir öləndə olub, öldürən düz edib kimi yanaşmaq naşılıqıdr. Söhbət kiminsə ölümündən, qətlə yetirilməsindən gedir. İstintaqın gedişindən məlum olacaq ki, Rəşad Dağlı bıçağa niyə əl atıb? O şəxsi öldürməyə bilərdimi?

Mənim fikrimcə, öldürməli deyildi. Deyirlər, qarşı tərəf onu təhqir edib. Kimsə birini təhqir edəndə mütləq onu öldürməlisən?!

- Rəşad Dağlı məhkəmədə ilkin ifadəsində bıçağı qarşı tərəfin əlindən alıb özünü müdafiə məqsədiylə ona zərbə endirdiyini açıqlayıb...

- Cinayət qanunvericiliyində üç hal nəzərə alınır: güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə (affekt vəziyyəti), son zərurətdə adam öldürmə, zəruri müdafiə həddini aşmaqla adam öldürmə. Bu üç halda öldürən tərəfin əlində “kozır” olur, həm özünün, həm də vəkilinin. Ümid edirəm ki, istintaq bütün bu kimi məsələləri araşdıracaq.

Açığı, mən inanmıram ki, hadisə baş verən zaman affekt vəziyyət olsun, bu, yüz faiz elə deyil. Son zərurətin olmasını də düşünmürəm. Bir variant qalır - zəruri müdafiə həddini aşmaq. Yənio, məni öldürməyə gəlmişdi, mən bıçağı əlindən alıb, onu öldürdüm.

İstintaq zamanı eksperimentlər aparacaqlar, müəyyən istintaq hərəkətləri olacaq. Bundan sonra rəy bildiriləcək ki, qarşı tərəfin Rəşad Dağlını öldürmək reallığı olubmu? Rəşad Dağlıya təhlükə real idimi? Əgər real deyildisə, bu hadisədə zəruri müdafiə həddini aşmaqla adam öldürmədən söhbət gedə bilməz.

Aydındır ki, hansısa cinayəti törədən insan öncə özü-üzünü, sonra isə vəkili onu müdafiə edir. Özünü müdafiə arqumenti də burdan qaynaqlana bilər.

- Sosial şəbəkələrdə bu məsələdə cinayətkara rəğbət daha artıq hiss olunur. Sizcə, bu münasibətin kökündə nə dayanır?

- Hərdən cəmiyyətdə hüquqi-məntiqi baxımdan yanlış yanaşma olur. Məsələn, bir tərəf məşhur adamdır, müğənni, aktyor, meyxanaçı, qəzəlxan, şair, yazıçı və sairdir. O zaman birtərəfli yanaşma baş verir, bu isə doğru deyil. Cinayət işinin istintaqı bitməmiş hökm vermək, qəti fikir bildirmək yanlışlıqdı. Məhkəmə hökmü olmadan kiməsə cinayətkar demək də düzgü deyil.

- Ümumiyyətlə, ictimai rəy cinayət-prosessual işə təsir edirmi, hökmdə bunlar nəzərə alınırmı?

- Xeyr, rəğbət və ictimai rəy qərara təsir etməməli, hökm çıxarılan zaman bu nəzərə alınmamalıdır. İstintaq sərbəstdir, qanuna tabedir. Məhkəmə də qanunla hərəkət edir. Məhkəmə lazım bilsə ki, cinayət araşdırmasında müəyyən nüaslar, boşluqlar var, cinayət işini geri qaytararaq istintaqı yenidən başlamasına göstəriş verə bilər. Bir az öncə qeyd etdiyim kimi qərara ictimai rəy qətiyyən təsir etmir.

Onu da bildirim ki, texnologiyanın inkişafı cinayətlərin artımına da təsir eləyib, yalnız bizim ölkədə yox, bütün dünya miqyasında belədir. Yeniyetmələr bu kimi məlumatları oxuyub həvəsə gəlirlər. O lotu belə gəldi, bu lotu belə getdi... Əvəllər bu kimi hallar yox idi. Ona görə də bu cür cinayətlər çox az baş verirdi...


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər