Tehranda hava çirkliliyinin artması səbəbindən məktəblər 3 gün dayandırılacaq.
Teleqraf.com xəbər verir ki, bunu İranın Səhiyyə, Ətraf Mühit və Şəhərsalma Xidmətləri komissiyasının sədri Mehdi Pirhadi deyib.
O təəssüflə qeyd edib ki, havanın çirklənməsi problemi hakimiyyət və ictimaiyyətin nəzarətindən kənardadır və onun intensivliyi günü-gündən artır: “Təkcə Tehran vilayətində havanın çirklənməsinə görə hər il 4000-dən çox insan ölür”.
Vilayət qubernatorluğu Dəmavənd, Firuzkuh və Perdis şəhərləri istisna olmaqla, əyalətdəki bütün uşaq bağçaları, ibtidai məktəblər və universitetlərin qarşıdakı 3 gün ərzində dayandırıldığı və dərslərin distant təhsil şəklində davam edəcəyini açıqlayıb.
15 milyon əhalisi olan Tehranın hava dövriyyəsi üçün uyğun olmayan fiziki quruluşu, şəhərdə əhalinin sıxlığı, nəqliyyat vasitələrində və fabriklərdə istifadə olunan keyfiyyətsiz yanacaqlar havanın çirklənməsinin əsas səbəbi kimi göstərilir.
Tehran Hava Keyfiyyətini Ölçmə şirkətinin verdiyi açıqlamada, Tehranda havanın çirklənməsinin hazırda 142 mikroqram/kubmetr səviyyəsində ölçüldüyü və bu nisbətin sağlam olmayan və həssas yaş qrupları üçün təhlükəli olduğu bildirilib.
İran mətbuatında yer alan xəbərlərə görə, Tehranda təsirli olan sıx hava çirkliliyi səbəbindən şəhər mərkəzlərinə təcili yardım maşınları yerləşdirilib.