Kommunistin ailəsi narahatdır
Ölkədə fəaliyyət göstərən sol partiyalar narahatdır. Buna səbəb mətbuatda Ayna Sultanovanın heykəlinin götürüləcəyi haqda yayılan məlumatlardır. Qeyd edək ki, Ayna Sultanova Azərbaycan SSRİ-nin ilk qadın naziri olub. Maarif komissarı, xalq ədliyyə komissarı və Ali Məhkəmənin sədri vəzifəsində çalışıb. 1938-ci ildə isə Stalin repressiyasının qurbanı olub. Moskvada həbs edilən Sultanova 1938-ci ildə güllələnib.
Onun həyat yoldaşı, qatı kommunist Həmid Sultanov da güllələnib. Stalinin vəfatından sonra Sultanovaya bəraət verilib.
Qeyd edək ki, Sultanovlar ailəsi Azərbaycanda sovet hökumətinin qurulması üçün uzun illər çalışıblar. Hətta Həmid Sultanov 1920-ci ildə hakimiyyətin cümhuriyyətçilərdən alınması prosesində aktiv iştirak edən kommunistlərdən olub. Uzun illərdir ki, bu heykəl Ayna Sultanova deyilən ərazidə-Ziya Bünyadovla-Atatürk prospektlərinin kəsişdiyi yerdə qoyulub.
Hazırda bu ərazidə Binəqədi İcra Hakimiyyəti təmir işləri aparır. Ancaq bu qurumdan deyilib ki, heykəlin götürülməsi onların səlahiyyətində olan məsələ deyil. Bakı Şəhər İcra Hakimiyyətindən də bildirilib ki, ərazidə təmir aparılsa da, heykəlin götürülməsi haqda qərar yoxdur.
Musa Tükanov: “Biz heykəlin götürülməsini istəmirik”
Vahid Azərbaycan Kommunist Partiyasının sədri Musa Tükanov isə heykəlin götürülməsinə qarşı olduqlarını bildirib. Deyib ki, heykəl bir tarixdir və onun qalması yaxşı olardı: “Əslində Ayna Sultanovanı anti-sovet fəaliyyəti səbəbindən güllələyiblər. Ona bəraəti də anti-sovet düşüncəli insanlar- verib. Biz istəmirik ki, abidə götürülsün. Əslində, Ayna Sultanova 30-cu illərdə, indiki müxalifət də 90-cı illərdə sovet hakimiyyətini dağıtmaq istəyirdi. Yəni onların arasında heç bir fərq yoxdur. Onlar eyni adamlardır. Sadəcə istəmirəm ki, Sovet tarixi silinsin. Sağ müxalifət bu məsələdə susur. Bunda da məqsədi var. Onlar istəmirlər ki, Azərbaycanda kommunist tarixi yaşasın. Bilirlər ki, sabah nəvələri bu abidə haqqında maraqlanacaq, biləcəklər ki, bizim ölkədə 70 il kommunizm dövrü olub. Bu tarixi saxlamaq lazımdır. Nizami metrosunun qarşısında bir heykəl var, biz də onu tanımırıq. Ancaq bəllidir ki, vaxtilə burjuaziyanın nümayəndəsi olub, kapitalizmin inkişafına çalışıb. Ancaq düşünürük ki, bu heykəl də bir tarixdir, onu götürmək doğru olmazdı”.
Ayna Sultanovanın nəvəsi Prezidentə müraciət edib
Qeyd edək ki, ötən gün Ayna Sultanovanın nəvəsi Nail Əbdürrəhmanov Prezident İlham Əliyevə müraciət edib. O, bildirib ki, indiyə qədər heç vaxt Ayna Sultanovanın adından imtiyaz əldə etmək üçün çalışmayıblar: “Ayna Sultanova təkcə Azərbaycanın yox, ümumən bütün müsəlman Şərqinin ilk qadın naziri, tanınmış ictimai-siyasi xadimi, o dövrün fenomenlərindən biri olub. Ayna Sultanova bütün dünyada Ali Məhkəmə sədri olmuş ilk qadındır. İnsani baxımdan çox əhəmiyyətli olan bir faktı da vurğulamaq istərdim ki, 1938-ci ildə “xalq düşməni” kimi güllələnən Ayna Sultanovanın məzarı da yoxdur, onun dəfn olunduğu yer məlum deyil. Buna görə də onun abidəsi qohumlarından, doğmalarından ötrü yeganə təsəlli ünvanı sayılır. Ümid edirəm ki, Azərbaycanın çox hörmətli Prezidenti İlham Əliyev bu məsələni nəzarətə götürəcək”.
Cavidan