Cənubi Qafqazda nizamlanma prosesi stupordan çıxıb. Ötən həftə Arlinqtonda (ABŞ) Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovu qəbul edən ABŞ dövlət katibi Entoni Blinkendən sonra bu vəzifəni Avropa Şurasının prezidenti Şarl Mişel yerinə yetirəcək. Mayın 14-də Brüsseldə iki ölkənin liderləri İlham Əliyev və Nikol Paşinyanı qəbul edəcək. Əliyevlə Paşinyan iki həftə sonra Kişinyovda görüşəcək. Bundan əlavə, yaxın vaxtlarda Moskvada iki Cənubi Qafqaz respublikasının xarici işlər nazirlərinin görüşü nəzərdə tutulub.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzeti yazır.
Məqalə müəllifi Sergey Strokan iki ölkənin tarixi anların astanasında olduğunu iddia edir:
“Bu gəlişmə (danışıqların və görüşlərin intensivliyi) görünməmiş hesab edilə bilər. Amma əsas büdrəmədən - Qarabağın Bakının nəzarətində olmayan (hələlik – red.) hissəsini hansı gələcək gözlədiyi sualından hələ də yaxa qurtarmaq mümkün deyil. Həmin ərazilərdə yaşayan bir çox ermənilər Azərbaycan pasportu almaq perspektivi ilə qətiyyən razı deyillər. Bu, onlara “bünövrənin dağılması” kimi görünür.
Bu fonda, məsələn, cümə axşamı baş verdiyi kimi, hər gün toqquşmalar və atışmalarla bağlı narahatedici xəbərlər gəlir. Azərbaycan və Ermənistan tərəfləri ölən və yaralananların olduğunu açıqlayıb. Ermənistan Baş naziri Nikol Paşinyan baş verənlərə görə Azərbaycanı ittiham edib.
Bütün bunlara baxmayaraq, nikbinlik üçün əsas var. Təfərrüatları açıqlamadan hər iki tərəf danışıqlarda irəliləyişdən danışır.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da diqqətçəkən açıqlama verib: Danışıqlarda məlum prinsip var: hər şey razılaşdırılmayana qədər heç nə razılaşdırılmır. Hesab edirəm ki, bu danışıqlara bu baxımdan yanaşmaq lazımdır”.
Müəllif qeyd edir ki, sülh müqaviləsinin imzalanması həm İlham Əliyev, həm də Nikol Paşinyan üçün Cənubi Qafqazın yeni tarixinin həmmüəllifləri olmağa imkan verəcək aktivə çevrilə bilər:
“İlham Əliyev mayın 10-da Qarabağ Şuşasında atası, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə xalqa müraciətində xatırladıb: “Qarabağın azad olmasını görmək Heydər Əliyevin və dünya azərbaycanlılarının əsas arzusu idi”.
Öz növbəsində, hakimiyyətinin böyük bir hissəsində ikinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra hərbi revanşistlərin müqavimətini dəf etməli olan Nikol Paşinyan Bakı ilə sülh müqaviləsinin imzalanması ona sələflərindən heç birinin edə bilmədiyi şeyi etməyə imkan verəcək, yəni müstəqil Ermənistan dövlətinin ayağına bağlanmış və onun inkişafına mane olan Qarabağ münaqişəsinin ağır yüklərini aradan qaldırmaq. Baş nazir Paşinyan iddia edir ki, iki ölkə bir-birlərinə heç vaxt ərazi iddiası irəli sürməyəcəklərsə, sülh sazişi reallığa çevriləcək.
Deputatlarla söhbət zamanı Nikol Paşinyan Azərbaycanın artıq regionun enerji və logistika qovşağına çevrildiyini dərk etməyə çağırıb. Onun sözlərinə görə, bu durum Ermənistan üçün də yeni imkanlar açır, çünki Cənubi Qafqaz özlüyündə böyük yol ayrıcıdır.
“Bu kontekstdə regionda sülh və sabitlik Qərblə Rusiya arasında konsensusa çevrilə bilər”, - Ermənistanın baş naziri qeyd edib.
Bütün bunlar o deməkdir ki, iki ölkənin liderləri üçün sülh müqaviləsi adlı missiyanı reallaşdıra bilərlər. Baxmayaraq ki, bu, onların hər birindən böyük siyasi iradə tələb edəcək”.