24 May 2023 12:38
5 167
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın ərazi bütövlüyünü tanıdığımızı bir daha təsdiqləyirik”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Ovik Ağazaryan deyib.

Deputat vaxtilə Baş nazir Nikol Paşinyanın “Qarabağ Ermənistandır” mesajı ilə bağlı çox spekulyasiyaya yol verildiyini bildirib. Onun iddiasına görə, bu, konkret dövrdə, konkret şərtlər daxilində söylənilib. Ağazaryan qeyd edib ki, bu fikir Qarabağda ermənilərin yaşaması ilə əlaqəlidir. O, buna misal kimi vaxtilə ermənilərin yaşadıqları Qars və Ərdəhanı (Türkiyə şəhərləri) misal göstərib.

Siyasətçi Azərbaycanın ərazi bütövlüyünü tanıyan Paşinyanla həmfikir olduğunu da vurğulayıb: “Biz Azərbaycanın ərazi bütövlüyünü tanıdığımızı bir daha təsdiqləyirik, ona görə də təsdiq etmək istəyirik ki, bəzi yerli problemlər istisna olmaqla, Azərbaycanla sərhəd problemimiz yoxdur”.

Ağazaryan qeyd edib ki, Qarabağ məsələsi Ermənistan-Azərbaycan münasibətlərindən ayrılmalıdır: “Bu, bizim dövlət baxışımızdır”.

Deputat dolayı yolla Qarabağın Azərbaycan ərazisi olduğunu da etiraf edib: “İndi həm Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, həm də Qarabağın statusu ilə bağlı qərar versək, bu, Azərbaycana bizə müharibə elan etmək üçün qanuni haqq verəcək”.

Bununla yanaşı, Ovik Ağazaryan Qarabağla bağlı ermənilərin illərdir gündəmdə saxlamağa çalışdığı separatçı iddialara da “haqq” qazandırıb. Onun iddiasına görə, Azərbaycanla sülh müqaviləsi bağlandıqdan sonra Qarabağ ermənilərinin “öz müqəddəratını təyin etmə hüququ” ilə bağlı “mübarizə” aparacaqlar.

Ağazaryan Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının üzvüdür.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər