Fəzail Ağamalı: “Ramiz Mehdiyevin imzaladığı sərəncamda bütün detallar nəzərə alınıb”
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib.
Sənəddə respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı toplantı, konfrans və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların göstərilməsi, bədii və sənədli filmlərin nümayiş etdirilməsi, bu tədbirlərin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması, dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədi ilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri və diaspor qurumları tərəfindən müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materialların verilməsi nəzərdə tutulub.
Tədbirlər planına əsasən, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardım veriləcək, Şəhidlər xiyabanı ərazisində lazımi işlər aparılacaq, Azərbaycanda təmsil olunan əsas dini konfessiya və qurumlar tərəfindən faciə qurbanlarının xatirəsinə dini mərasimlər təşkil ediləcək.
Bundan başqa, sənəddə paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12:00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, gəmilər, avtomobillər və qatarlar vasitəsilə səs siqnallarının verilməsi, gün ərzində Şəhidlər xiyabanında matəm musiqisinin səsləndirilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində hüzn əlaməti olaraq dövlət bayraqlarının endirilməsi və digər tədbirlər nəzərdə tutulub.
20 Yanvar faciəsinin 25-ci ildönümünə və bu münasibətlə imzalanmış sərəncama münasibət bildirən Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı da Azərbaycan xalqının tarixində son dərəcə önəmli qəhrəmanlıq səhifələrindən biri olan 20 Yanvar hadisəsinin bu il 25 illiyinin tamam olduğunu deyib. O əlavə edib ki, 25 il bundan öncə Azərbaycan xalqı müstəqillik və azadlıq üçün, eyni zamanda ərazisinə təcavüz edən işğalçı dövlətə, xalqa və onu himayə edən imperiyaya kütləvi şəkildə öz etirazını yüksək səviyyədə və mütəşəkkil formada nümayiş etdirib. F.Ağamalının sözlərinə görə, Azərbaycan xalqı bununla sovet dövlətinin bütün güc strukturlarının hərbi potensialına qarşı əliyalın dayanaraq görünməmiş qəhrəmanlıq və şücaət göstərib: “Sovet İttifaqının bütün silahlı qüvvələrinin ayrı-ayrı dəstələri böyük texnika, böyük hərbi güc və insan qüvvəsi ilə Bakı üzərinə yeridi və Bakıda Azərbaycan xalqının azadlığını, xalq hərəkatını qan içində boğmaq və hərəkatın digər sovet respublikalarına yayılmaması üçün hər kəsdə bir qorxu hissi yaratmaq istəyi ilə böyük vəhşiliklər etdi, vandalizmə yol verdi. Heç bir silahı olmayan, lakin azadlıq və müstəqillik uğrunda canlarından keçməyə hazır olan soydaşlarımızı gülləbaran etdi. Bu, əlbəttə, Azərbaycan xalqının tarixində ən yaddaqalan bir qəhrəmanlıq səhifəsidir və xalqımız durduqca, yaşadıqca şəhidlərin qanına boyanmış 20 Yanvar gününü azadlığın və müstəqilliyin simvolu kimi heç şübhəsiz, hər zaman xatırlayacaq və onların ruhu qarşısında dualar oxuyacaq, xatirəsi önündə baş əyəcək. Bu bizim qəhrəmanlıq tariximizdir”.
F.Ağamalı qeyd edib ki, hər il olduğu kimi bu il də ölkə prezidentinin iradəsini ifadə edərək Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı çıxıb: “Həmin sərəncamda 20 Yanvarla bağlı həyata keçiriləcək tədbirlərin planı təsdiqlənib. Digər illərdən fərqli olaraq 20 Yanvar faciəsinin, bu qəhrəmanlıq tarixinin 25 illiyi düşünürəm ki, daha fərqli şəkildə, Azərbaycan xalqının mütəşəkkil iştirakı ilə yad ediləcək. Verilmiş bu sərəncamda bütün detallar nəzərə alınıb və əlbəttə, həmin plana uyğun olaraq 20 Yanvar qəhrəmanlıq səhifəsinin 25 illiyi ümidvaram ki, ölkəmizin bütün guşələrində, hər yerdə yüksək səviyyədə anılacaq. Ən müxtəlif xarakterli tədbirlər keçiriləcək”.
Səxavət HƏMİD