9 Avqust 2023 11:41
20 603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük dövlətlərin Mərkəzi Asiya uğrunda mübarizəsinə ərəb dünyası da qoşulub. İyulda Səudiyyə Ərəbistanında “Mərkəzi Asiya - Körfəz Əməkdaşlıq Şurası sammiti keçirilib. Bu, Mərkəzi Asiya ölkələri ilə körfəz ölkələrinin ilk sammitidir. Səudiyyə Ərəbistanı siyasi, iqtisadi və hərbi güc baxımından körfəz ölkələrinin lideri sayıldığından sammitin bu ölkədə keçirilməsi anlaşılandır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Mərkəzin ekspertləri deyirlər ki, SSRİ dağıldıqdan sonra Mərkəzi Asiya ilə ilk sıx əlaqələr quran ərəb ölkəsi Səudiyyə olub:

“Sammitə hazırlıq bir il əvvəl başlayıb. Mərkəzi Asiya və körfəz ölkələrinin xarici işlər nazirləri 2022-ci ildə Səudiyyədə toplantı keçirmişdilər. Varlı körfəz ölkələri Mərkəzi Asiya dövlətləri ilə siyasi-iqtisadi əlaqələri genişləndirməyi planlaşdırır. Bu sıraya nəqliyyat yollarının inşasından tutmuş yaşıl enerjinin inkişafına qədər layihələr aiddir. Bölgə ölkələri terrora qarşı birgə mübarizə imkanlarını da müzakirə ediblər. Liderlərin sammitində iki bölgə arasında 2027-ci ilə qədər nəzərdə tutulan əməkdaşlıq proqramı imzalanıb.

Qazaxıstan Prezidenti Kasım Jomərt Tokayev ötən il Səudiyyə Ərəbistanına səfər edərək bir neçə ortaq layihəyə imza atmışdı. Qazaxıstan və digər Mərkəzi Asiya ölkələrinin milyardlarla dollar yatırımlara ehtiyacları var. Qazaxıstan prezidenti sammitdə körfəz ölkələrinin Azərbaycanın da marağında olduğu Transxəzər layihəsinə dəstək vermələrini istəyib. Söhbət Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən nəqliyyat layihələrindən gedir.

Qazaxıstan prezidentindən sonra Səudiyyə Ərəbistanına Özbəkistan Prezidenti Şavkat Mirziyoyev səfər edib. Özbəkistan Səudiyyə ilə dəyəri milyardlarla dollar olan enerji layihələrinin reallaşmasını planlaşdırır. Birləşmiş Ərəb Əmirlikləri və Qətərin də Mərkəzi Asiya ölkələrinə yatırımlarının həcmi ilbəil artır”.

Təhlildə vurğulanır ki, Mərkəzi Asiya ölkələri ilə körfəz ölkələri arasında sammit Vaşinqtonun, Moskvanın və Pekinin diqqət mərkəzində olub:

“Körfəz ölkələrinin Mərkəzi Asiya ölkələrinə artan yatırımları Vaşinqtonu narahat etmir. Çünki körfəz ölkələri ABŞ-ın tərəfdaşlarıdır. Moskva və Pekin isə narahat ola bilər. Rusiya və Çinin Mərkəzi Asiya ölkələrində siyasi-iqtisadi maraqları var. Bu maraqlar bəzən başqa dövlətlərin maraqları ilə üst-üstə düşmür. Mərkəzi Asiya ölkələrinin Çinə böyük borcları var. Tacikistan maliyyə baxımından Çindən asılı vəziyyətdədir. Buna baxmayaraq, Tacikistan varlı körfəz ölkələrinin də yatırımlarına ehtiyac duyur. Məsələn, Qətər Tacikistanda yeni açılan məscidin tikintisinə 100 milyon dollar ayırmışdı. Beləliklə, Mərkəzi Asiya ölkələrinin həm ayrılıqda, həm də bütöv bölgə olaraq cazibəsi artıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər