“Beynəlxalq ictimaiyyət yaxşı bilir ki, Makron başda olmaqla, Fransa rəhbərliyi özlərini ermənilərdən çox erməni kimi aparır. Fransa bunu atdığı addımlarla dəfələrlə sübut edib”.
Bunu Teleqraf.com-a açıqlamasında YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat Paris meri Ann İdalqonun Azərbaycana qarşı təxribatçı fəalliyyətindəki roluna diqqət çəkib:
“Paris meri Fransadakı erməni diaspor təşkilatlarının xahişi ilə regional administrasiyalara müraciət edib ki, Qarabağ ermənilərinə “humanitar yardım karvanı” təşkil etsinlər. Yəni təşəbbüs orda yaşayan ermənilərdən gəlir, icrasını isə fransız mer həyata keçirir və regional icmalar prosesə cəlb edilir. Məqsəd aydındır, erməni lobbisi və Paris meri gözəl bilirlər ki, Qarabağda yaşayan ermənilərin heç bir humanitar problemi yoxdur. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Qarabağdakı ermənilərin necə yaşadıqlarını faktlarla beynəlxalq ictimaiyyətə sübut edib. Nəticədə BMT Təhlükəsizlik Şurası heç bir qərar qəbul etmədi. Fransa reallığı gözəl bilir.
Fransanın Qarabağda yaşayan ermənilərə 10 TIR “humanitar yük” göndərməkdə məqsədi odur ki, bu uydurmalarını – “aclıq oyunu”nu beynəlxalq ictimaiyyətə sırısınlar. Bunlar hamısı yalan, böhtan, siyasi şou və Azərbaycana təzyiq göstərmə niyyətidir”.
Elman Nəsirov xatırladıb ki, avqustun 29-da Emanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı aparıb:
“Bu telefon zənginə cavab olaraq Prezident İlham Əliyev bildirdi ki, heç bir humanitar böhrandan söhbət gedə bilməz. Azərbaycan Ermənistanla anlaşmışdı ki, yüklər Ağdam-Xankəndi yolu ilə daşınsın. Amma Ermənistan bu razılaşmadan imtina elədi.
Artıq Qırmızı Aypara Cəmiyyəti Ağdam-Xankəndi yolu ilə humanitar yük göndərib. Bu yolun fəaliyyəti həm də Laçın yolunun fəaliyyət göstərməsinə səbəb ola biləcək. Heç bir humanitar böhrandan söhbət getmir. Bu, Fransanın təşkil etdiyi siyasi şousudur. Məqsəd Azərbaycana təzyiq göstərmək, Azərbaycana qarşı beynəlxalq ictimaiyyəti ayağa qaldırmaqdır. Bunların reallaşma əmsalı sıfıra bərabərdir”.