Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev türk dünyasını Naxçıvan Bəyannaməsinin qəbul edilməsinin ildönümü münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, Baş katibin bəyanatını TDT-nin mətbuat xidməti yayıb.
”Türk Dövlətlərinin Əməkdaşlıq Günü kimi qeyd olunan 3 oktyabr münasibətilə bütün türk dünyasını səmimi-qəlbdən təbrik edirəm... Ortaq dil, ortaq tarix və ortaq mədəni irs zəminində yüksələn türk dövlətləri arasında çoxəsrlik qardaşlıq bağları 2009-cu ildən etibarən Təşkilatımız çərçivəsində ciddi şəkildə qurumsallaşdırılıb. Təşkilatımızın çətiri altında könüllü olaraq bir araya gələn türk dövlətləri siyasi, iqtisadi, mədəni və sosial sahələrdə hərtərəfli əməkdaşlığı təşviq edərək gələcəyə qətiyyətlə addımlayırlar”, - sənəddə deyilib.
Baş katib qeyd edib ki, oktyabrın 3-ü sözügedən ölkələr arasında köklü əlaqələri tərənnüm edir: “Bu gün biz ümumi yolçuluğumuzu və nailiyyətlərimizi birlikdə qeyd edirik”.
Onun sözlərinə görə, qurumun fəaliyyəti 20-dən çox əməkdaşlıq sahəsini əhatə edir: “(Təşkilat) gücünü “Türk dünyasına baxış – 2040” sənədindən alır”.
TDT-nin Baş katibinin fikrincə, dövlət başçıları və xarici işlər nazirlərinin yorulmaz qətiyyəti ölkələrarası dinamik fəaliyyətlər və strateji birliklərdə aydın görünür. Ömüralıyev nəql edib ki, noyabr ayında Qazaxıstanda keçirilməsi planlaşdırılan 10-cu sammit təşkilatın qarşıdakı dövrdə fəaliyyət proqramını formalaşdıracaq həyati qərarların qəbul edildiyi və müqavilələrin imzalandığı mərhələ olacaq.
Sonda Təşkilat başçısı ildönümü münasibətilə ölkələrin rəhbərliklərinə, habelə özəl sektora və QHT-lərə göstərdikləri sarsılmaz dəstəyə görə təşəkkürünü bildirib:
“Sizə barış, birlik və həmrəylik diləyərək ortaq ruhumuzun gücünün sübutu olan 3 Oktyabrı təbrik edirəm!”.
Xatırladaq ki, daha öncə TDT Naxçıvan Bəyannaməsinin ildönümü ilə bağlı sosial şəbəkədə paylaşım etmişdi.