13 Oktyabr 2023 21:42
3 339
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini tanıma yolundadır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Mərkəzin ekspertlər iki ölkə arasındakı son gəlişmələrə diqqət çəkib:

Şimali Kipr Türk Cumhuriyyətinin Prezidenti Ərsin Tatar Bakıda jurnalistlərin suallarına cavab verərkən belə bir cümlə işlədib: “Bilirik ki, Avropa Birliyi və bəzi ölkələr bizə görə Azərbaycana təzyiq göstərməyə çalışırlar. “Qəti şəkildə Şimalim Kipr Türk Cumhuriyyətini tanımayın” deyə narahatlıq yaradırlar”. Kipr liderinin sözlərindən aydın olur ki, söhbət yalnız Yunanıstan və Yunan Kiprindən getmir, Avropanın digər dövlətləri də Bakını xəbərdar etməyə çalışırlar. Azərbaycan Avropa Birliyinin üzvü deyil, Brüssel və ya Paris bizim Şimali Kipri rəsmən tanımaq qərarımıza qarışa bilməz.

Digər tərəfdən, Azərbaycanın Şimali Kipru tanımasına qədər başqa zəruri addımlar atılmalıdır. Ərsin Tatar da açıqlamasında “tanınma məsələsi bir qədər sonra da ola bilər” deməklə Bakını tələsdirmədiklərinə işarə verib.

Birincisi, Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti arasında iqtisadi-ticari əlaqələrin qurulmasına ehtiyac var. Ərsin Tatar da ilk növbədə bu mövzuya diqqət ayırmağı lazım bilib.

İkincisi, Bakı ilə Lefkoşa arasında birbaşa təyyarə reysinin açılması zəruridir. Azərbaycan vətəndaşları Kiprə getmək istəyərkən bunu İstanbul üzərindən reallaşdırmaq məcburiyyətindədir. Birbaşa təyyarə reysləri əlaqələrin inkişafında müstəsna rol oynaya bilər. Şimali Kipr öz ali təhsil müəssisələri ilə məşhurdur. Birbaşa təyyarə reysləri Şimali Kipr universitetlərində təhsil alan azərbaycanlı gənclərin işini də asanlaşdırar. Şimali Kipr həm də turizm məkandır. Birbaşa təyyarə reysləri iki dövlət arasında turizmə də təkan verər.

Üçüncüsü, Azərbaycanın Şimali Kiprdə ilkin mərhələdə nümayəndəliyinin açılmasına ehtiyac var. Şimali Kiprin Azərbaycandakı nümayəndəliyi illərdir fəaliyyət göstərir, eynisinin paytaxt Lefkoşada da fəaliyyəti mümkündür”.

Prezident İlham Əliyev sentyabrın 7-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nazirlərinin ikinci görüşündə Şimali Kipr nümayəndəsinin iştirakını, öz bayrağı ilə təmsil olunmasını xüsusi vurğuladı. “Şimali Kiprin bayrağı da bizim tədbirdə dalğalanmalıdır və dalğalanacaq” deyən dövlət başçısı bununla iki dövlət arasında əlaqələrin daha üst səviyyəyə qalxacağına işarə etmiş oldu. Bu açıqlamadan sonra Şimali Kipr prezidentinin Bakıya gəlişi bu siyasətin tərkib hissəsidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər