“Prezident İlham Əliyev 2020-ci il müharibəsindən sonra kifayət qədər çevik siyasət aparır”.
Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi ekspert Vigen Akopyan deyib.
Onun sözlərinə görə, Qərb platformalarında (ABŞ və Avropa Birliyi) məqsədlərinə nail olan Əliyev eyni şeyi Rusiya ilə danışıqlar çərçivəsində də etməyi bacarıb. Söhbət Qarabağın həm Qərb, həm də Rusiya tərəfindən de-yure və de-fakto Azərbaycan ərazisi kimi təsdiqlənməsindən gedir.
“Əliyev Qərb platformasında istədiyini əldə etdi. O, Qərb platformasında Nikol Paşinyanı pat vəziyyətinə sala bildi. Məsələn, Praqada verilən bəyanat. Paşinyan bununla Azərbaycanın 86.6 min kvadratkilometr ərazisi çərçivəsində ərazi bütövlüyünü tanıdı. Qarabağın Azərbaycanın tərkibində tanınmasını ehtiva edən bəyanat qəbul olundu, eyni sənəd çərçivəsində anklavlar məsələsinin həlli ilə bağlı bəyanat verildi”, - Akopyan bildirib.
Erməni politoloq Prezident Əliyevin unikal siyasətçi olduğunu söyləyib. Onun sözlərinə görə, Azərbaycan lideri Qərb platforması çərçivəsində heç bir gözləntisi olmayan və nəticəyə hesablanmayan görüşlərdən imtina edir.
“Zaman Azərbaycanın xeyrinə işləyir, bunu Bakıda da gözəl anlayırlar”, - Akopyan əlav edib.
Ekspertin fikrincə, anklavlar və dəhliz məsələləri Qərb yox, Rusiya ilə danışıqlarda həll edilə bilər.
Akopyana görə, Ermənistan üçün əsas problem həmişə alternativin olmaması olub:
“Paşinyan bildirir ki, Rusiyaya əsaslanan təhlükəsizlik arxitekturası pisdir. O zaman sual yaranır: Rusiya və KTMT deyilsə, onda alternativ nədir? Ermənistan rəhbərliyi və Qərb taktikanı dəyişib alternativin olduğunu göstərməyə çalışır, silah təchizatı baxımından Fransa variantını irəli sürürlər. Üç radar verəcəklər, raketlərin verilməsi perspektivi var, mütəxəssisləri bizimkiləri öyrədəcək və sair. Həmin müqavilədə başqa maraqlı məqam da var ki, fransızlar müdafiə sistemimizi yoxlayacaqlar. İndi cəmiyyəti düşündürən sual budur ki, Rusiya qəzəblənib bizə qarşı iqtisadi sanksiyalar tətbiq etsə, enerji daşıyıcıları verməsə, qazın qiymətini artırsa və ya qaz verməsə, nə olacaq?”
Politoloq qeyd edib ki, Ermənistan hakimiyyəti mümkün gəlişmələrə qarşı gələcəkdə Azərbaycandan neft-qaz alınmasını məsələsini gündəmə gətirib. Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan belə bir açıqlama ilə çıxış edib.
Akopyan hesab edir ki, bütün bunların məqsədi daxili auditoriyaya Ermənistanın təhlükəsizlik sistemi baxımından alternativinin olduğunu göstərməkdir:
“İndi hökumət hər şeyi belə təqdim edir ki, iqtisadi baxımdan bizi enerji daşıyıcıları narahat edir, Azərbaycandan qaz ala bilərik. Məsələn, Fransa silahlarının tədarükü, hansı problemlərin ola biləcəyi ilə bağlı suallar qaldırmırlar. Fransanın hərbi texnikasını Ermənistana gətirmək üçün hansı logistikadan istifadə edəcək, dinc şəraitdə ola bilsin ki, Gürcüstan və ya İran ərazisindən üç radar gətirə bilərsiniz, amma hərbi əməliyyatlar zamanı ciddi maraqlar toqquşması başlayır. İkincisi, bu silahlar ümumi müdafiə sistemi ilə necə birləşir, indi bizdə daha çox rus sistemləri var, buna vaxt lazımdır.
Eyni şey Hindistan silahlarına da aiddir. Üçüncüsü, fransızlar audit aparacaqsa, ruslar buna necə reaksiya verəcək?”