“Mövcud durumda Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanacağı inandırıcı görünmür”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.
Ekspert Azərbaycanla Ermənistan arasındakı son gəlişmələrə diqqət çəkib:
“Azərbaycan İsraildən “Barack MX” hava hücumundan müdafiə sistemləri alacaq. “Röyter” (Britaniya) yazır ki, bu barədə iki ölkə arasında dəyəri 1.2 milyard dollar olan razılaşma əldə olunub. Son illər silah ixracını ikiqat artıran İsrailin 2022-ci ildə silah satışının həcmi 12.5 milyard dollar təşkil edib. İndiyədək İsrail silahının əsas alıcısı Hindistan (1.2 milyarda yaxın), ikinci isə Azərbaycan olub (295 milyon). Bunu da “Röyter” bildirir.
İsrailin silah ixracının 24 faizi ərəb ölkələrinin payına düşür.Amma İsrail müdafiə nazirliyinin məlumatında onların hansı ölkələr olduğu açıqlanmır. “Forbes” isə Mərakeşin İsrail silahının alıcıları arasında olduğunu qeyd edir. Məlumatda bu da qeyd olunur ki, Mərakeşin İsrail və Türkiyə silahlarına marağı Azərbaycanın 2020-ci ildə qalib gəldiyi 44 günlük müharibədə onlardan uğurla istifadə etməsindən qaynaqlanır. Mərakeş İsraillə 500 milyon dollar həcmində “Barack MX” sistemi almaq barədə anlaşma imzalayıb.
“Forbes” həmçinin Rusiya istehsalı olan “İskəndər” raketinin Azərbaycanın hava hücumundan müdafiə qüvvələri tərəfindən İsrail istehsalı “Barack-8” müdafiə sistemi ilə vurulduğunu yazır.
Digər tərəfdə Fransa ilə Ermənistan arasında hərbi əməkdaşlıq haqqında imzalanmış sazişə əsasən, erməni ordusunun hərbçilərinə Fransa hərbi məktəblərində özəl proqramlar əsasında təlimlər keçiriləcək. Bundan başqa, Fransa Ermənistana hava hücumundan müdafiə sistemləri, zirehli hərbi texnika, digər hərbi sursat və ləvazimatlar yollayacaq. Erməni mediası həmin silahların bir hissəsinin artıq çatdırıldığını bildirir.
Beləliklə, durmadan kəskinləşən geosiyasi mübarizənin ağırlıq mərkəzinin Cənubi Qafqaza keçməsinin təkcə diplomatik-siyasi yox, həm də hərbi əlamətləri özünü göstərir. Sürətli silahlanma bölgədə yeni müharibə riskini artırır. Bu fonda da Azərbaycan-Ermənistan sülh müqaviləsinin tezliklə imzalanacağı inandırıcı görünmür. Qədim Roma kəlamında deyildiyi kimi, dülh istəyirsənsə, müharibəyə hazır ol”.