Ümid edək ki, sülh müqaviləsi imzalanacaq, tarixlərə fikir verməyin, əsas odur ki, ölkəmizə, bölgəmizə sülh gətirəcək bir şey imzalayaq.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
Spiker Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının bir-birinə etimadsızlıq olduğu üçün ləngidiyini bildirib:
“Ardıcıl 30 il bütün platformalarda, hər cəhətdən bir-birimizi vurmuşuq. Bu dövrdə ölkələr arasında inamsızlığın olması təbiidir”.
Onun sözlərinə görə, hər iki ölkənin cəmiyyətləri sülh müqaviləsinə hazırlanmalıdır.
“Sülh sazişinin nə vaxt imzalanacağı ilə bağlı qrafik varmı” sualına Simonyan belə cavab verib:
“Konkret şərtlər müzakirə edilmir. Keçən il danışırdıq ki, ilin sonuna kimi imzalanacaq, amma imzalanmadı. Şans azdır, amma arzu olunarsa, bu ilin sonunda sülh müqaviləsinin imzalanması ehtimalı var. Kimin vasitəçiliyi ilə olacağı müzakirə olunmur. Kim gəlirsə, öz maraqlarını da gətirir. Həm biz, həm də Azərbaycan tərəfi başa düşməliyik ki, əgər hər yerdə bir-birimizlə razılaşmasaq, üçüncü tərəf peyda olacaq və bunlar onların maraqlarına xidmət edəcək”.