“Əlbəttə, Azərbaycanla Qərb arasındakı istənilən gərginlik bizim üçün müsbət amildir, amma Nikol Paşinyan bundan Türkiyə və Azərbaycana qarşı istifadə etmək fikrində deyil”.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Arman Abovyan deyib.
Ekspert ABŞ və Azərbaycan arasındakı gərginliyi xəyali hesab edir, onun sözlərinə görə, vəziyyət göründüyü kimi – birmənalı deyil.
Abovyanın fikrincə, ABŞ-la gərginlik Azərbaycana qarşı sanksiyaların tətbiqinə və ya daha sərt qərarların tətbiqinədək getməyəcək.
“Kənar oyunçuların Ermənistan əraziləri uğrunda mübarizəsinin növbəti mərhələsini görürük, bunda bizim üçün yaxşı xəbər yoxdur. Ermənistanın hazırkı hakimiyyəti faktiki olaraq Qərb, Rusiya və İranı bir-biri ilə total toqquşmaya təhrik edib. Burada qalibin mükafatı Ermənistanın əsas tranzit-logistika qovşaqlarına (gələcək nəqliyyat dəhlizlərinə), yəni ölkəmizin bütün ərazilərinə nəzarət olacaq”, - ekspert əlavə edib.
Abovyanın iddiasına görə, Baş nazir Paşinyanın planlarında Türkiyə və Azərbaycanla əlaqələrə xüsusi yer verilib:
“Türkiyə özünü Cənubi Qafqazda qalib sayır, Türkiyə də qalib kimi Azərbaycanın arxasında durur. Türkiyə isə heç vaxt güzəştə getmir. Əgər Qərblə Türkiyə-Azərbaycan tandemi arasındakı gərginliyin nə dərəcədə real olduğunu anlamaq istəyirsinizsə, bu suala cavab verməliyik: amerikalılar Azərbaycana real iqtisadi sanksiyalar tətbiq etməyə hazırdılar? Son məlumatlara görə, yox. Avropalılar Azərbaycana sanksiyalar tətbiq etməyə hazırdılar? Son məlumatlara görə, heç də yox. Sanksiyalar yoxdursa, qalanı söz-söhbətdir”.