30 Noyabr 2023 19:13
9 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentinin sədri Alen Simonyanın çıxışında diqqətçəkən məqamlar var.

Bunu Teleqraf.com-a politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, Alen Simonyan müsahibəsində jurnalistlər tərəfindən sıxışdırılması qarşılığında bildirdi ki, Qarabağın Azərbaycanın tərkib hissəsi olması ilə bağlı artıq səkkizinci dəfə bəyanat verib.

O qeyd edib ki, artıq Ermənistan üçün Qarabağ məsələsi bağlanıb və bu, Azərbaycanın daxili işidir:

"Digər tərəfdən, ermənilərin Qarabağa qayıtması və o cümlədən azərbaycanlıların da Qərbi Azərbaycana qayıtması ilə bağlı söylədiyi fikir müsbət sayıla bilər. Yəni ən azı erməni rəsmi şəxslər tərəfindən ilk dəfə açıq formada azərbaycanlıların Qərbi Azərbaycana, vaxtilə qovulduqları ərazilərə qayıtması ilə bağlı ilk dəfə rəsmi səviyyədə fikir səsləndi. Yəni bunları müsbət məqam kimi qeyd etmək olar. Sülh müqaviləsi ilə bağlı Simonyanın söylədiklərində də maraqlı epizodlar var. Amma bu məsələ ilə bağlı fikirlərini ziddiyyətlər təbii ki, ortadadır. O bildirib ki, Ermənistan sülh istəyir və sülh müqaviləsi imzalamağa hazırdır. Bunun Azərbaycan tərəfindən əngəllədiyini söyləyir. Bu, yanlış ifadədir. Açıq şəkildə görünən odur ki, Ermənistan tərəfindən uzun müddətdən bəri sülh prosesində əngəllənmə cəhdləri var. Azərbaycanın Ermənistana təqdim etdiyi təkliflərə cavab 70 gün sonra verilir. Bu da hansı tərəfin bu prosesi əngəllədiyinin göstəricisidir. Bununla bərabər Simonyan anklavların qaytarılması məsələsinə toxunub. Bildirib ki, həmin məsələlər müzakirə olunmalıdır. Səkkiz kəndin Azərbaycana qaytarılmasına müsbət reaksiya verməklə bərabər əslində guya 31 Ermənistan kəndlərinin Azərbaycanın ərazisində olması əlbəttə ki, absurd fikirlərdir. Açıq faktlar ortaya qoyulmalıdır. Simonyanın fikirləri eyni zamanda Azərbaycana qarşı bir qarayaxma kimi də qəbul oluna bilər".

Politoloq bildirib ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və onun tərkibinə həmin Qarabağ və anklavlar da daxil olduğunu söyləyib:

"Üçtərəfli bəyanatın ilk variantında məhz Qazaxın yeddi, Naxçıvanın bir kəndinin azad olunması ilə bağlı müddəa vardı. Sonradan Ermənistan tərəfinin təklifi nəticəsində həmən müddəa sənəddən çıxarıldı. Amma bu məsələ danışıqlar prosesində daim müzakirə predmeti oldu. Heç təsadüfi deyil ki, oktyabrın əvvəllərində Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Prezidenti ilə telefon danışığında məhz anklavlar məsələsini qaldırdı. Azərbaycanın səkkiz kəndi hələ də Ermənistan işğalı altında qalır. Sadəcə olaraq, Ermənistandan Simonyan daxil olmaqla, Paşinyanın özü də bir müddət əvvəl verdiyi açıqlamada guya səkkiz erməni kəndinin Azərbaycanın nəzarətində olduğunu söylədi. Amma bu kəndlərin harada, hansı ərazilərdə yerləşdiyi ilə bağlı heç bir fikir söyləyə bilmədi. Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş və tanınmış ərazilərin, o cümlədən 1990-cı illərdə işğal olunmuş Kərki kəndi və Qazaxın yeddi kəndinin qaytarılması Ermənistanın öhdəliyidir. Bu, müzakirə edilən mövzulardandır. Qaytarılmayacağı təqdirdə bu, ciddi şəkildə bölgədə gərginliyə gətirib çıxara bilər. Ermənistan cəmiyyətində gedən müzakirələrə diqqət etdiyimizdə görürük ki, oradakı ekspertlərin də böyük əksəriyyəti həmin kəndlərin Azərbaycana aid olması ilə razılaşmalı olur, əks arqument ortaya qoya bilmirlər.

Sadəcə olaraq, onlarda əsas narahatlıq ondan ibarətdir ki, bu kəndlərin Azərbaycana qaytarılması Ermənistanda ciddi problemlər yarada bilər. Əsas səbəb bundan ibarətdir ki, Qazaxın Yuxarı Əskipara kəndi ərazisindən Ermənistanı Gürcüstanla bağlayan beynəlxalq yol keçir. Ermənilər hesab edirlər ki, Yuxarı Əskipara Azərbaycana qaytarılandan sonra bu ərazidən keçmək və hərəkət etmək onlar üçün problem törədə bilər. Digər narahatlıq Naxçıvanın Kərki kəndi ilə bağlıdır. Həmin kəndin ərazisində də İrəvanın Zəngəzurla, Qarabağla, o cümlədən İranla əlaqələndirən yolun keçməsidir. Eyni narahatlıq burada da baş verir.

Yəni o baxımdan mən hesab edirəm ki, anklavların qaytarılması danışıqlar yolu ilə həllini tapmalıdır. Bu, hər iki tərəf üçün faydalı ola bilər. Gərginliyin azalması sülh müqaviləsi imzalamasına ciddi töhfə verə bilər. Əks təqdirdə Azərbaycan heç bir halda öz ərazilərini Ermənistanın işğalı altında qalmasına razı olmayacaq".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər