Rəsmi İrəvan Qərbə uyaraq öz xarici siyasət xəttini yenidən formalaşdırmağa çalışır. Moskva ilə zamanın sınağından çıxmış ittifaqı hətta Qərbin konkret köməyi ilə yox, yalnız qeyri-müəyyən vədlərlə dəyişirlər.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Lavrov bildirib ki, Ermənistanda Qarabağdakı məğlubiyyətə görə Rusiyanı günahlandırmağa çalışırlar:
"Biz dəfələrlə Rusiyanın narahatlığını açıq şəkildə demişik. İndi Ermənistan hakimiyyətinin qeyri-dost addımlarını bir daha sadalamağın mənası yoxdur. Ermənistan Cənubi Qafqazda bizim üçün strateji tərəfdaş olub. Bu, belə də qalır. Əminik ki, bütün çətinliklər müvəqqətidir. Siyasi iradə olarsa, aradan qaldırılacaq. Məhz Rusiya-Ermənistan əlaqələrinin davamlı və sistemli inkişafı iki dövlətin ortaq dəyərləri və vahid mədəni kodu olan xalqların fundamental maraqlarına cavab verir. Ticarət-iqtisadi əlaqələr və sənaye dialoqu Moskva ilə İrəvan arasında təsirli templə inkişaf edir. Bu, iki ölkə arasında münasibətlərin bünövrəsidir, həm də İrəvan iqtisadiyyatının davamlılığı və Ermənistan əhalisinin rifahı üçün ən mühüm yardımdır"
"Gələn il Ermənistan Aİİ-yə sədrlik edəcək. Həmkarlarımıza uğurlar arzulayırıq. Ermənistan hazırda bir sıra problemlərlə üz-üzədir. Üstəlik, Qərb oyunçularının köməyi ilə onları dayandırmaq mümkün olmayacaq. ABŞ və Aİ Rusiyadan fərqli olaraq respublikaya - bütövlükdə Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmır. Onların vəzifəsi tamam başqadır - Moskvanı və digər regional gücləri sıxışdırmaq, Balkan, Yaxın Şərq və Ukraynadan sonra yeni gərginlik mənbəyi yaratmaq. Çətin vəziyyətdən çıxış yolu göz qabağındadır", - deyə Rusiya rəsmisi əlavə edib.