29 Dekabr 2023 18:24
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yaşıl” iqtisadiyyata keçid və “yaşıl” enerji təchizatçısına çevrilmək Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindəndir. Dövlət başçısının müvafiq sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu istiqamətdə təşəbbüsləri stimullaşdıracaq.

Teleqraf.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Prezident İlham Əliyevin sədrliyi ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-la bağlı bu ilin dekabrın 15-də keçirilən müşavirədən irəli gələn məsələlərlə bağlı İqtisadiyyat Nazirliyinin videokonfrans formatında görüşü keçirilib. Tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və Nazirliyin struktur bölmələrinin rəhbərləri iştirak edib.

Tədbirdə SOCAR tərəfindən COP-la bağlı nümunəvi beynəlxalq təcrübəyə dair təqdimat nümayiş olunub, COP-un ev sahibi ölkələrə iqlim hədəfləri ilə bağlı verdiyi üstünlük, COP28-in fokus sahələri, dekarbonizasiya gözləntiləri barədə məlumat verilib.

Qeyd olunub ki, 2024-cü ildə ölkəmizdə keçiriləcək COP29 dünyanın ən aktual bəşəri problemlərinin müzakirə olunduğu mühüm beynəlxalq platformadır. Bu tədbirin Azərbaycanda keçirilməsi böyük etimadın göstəricisi olmaqla, ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli və etibarlı tərəfdaş mövqeyini təsdiqləyir.

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizədə öz töhfəsini verir. SOCAR-ın COP28-də metan tullantılarının sıfıra endirilməsi ilə bağlı könüllü öhdəlik götürməsi ölkəmizin iqlim problemlərinə həssaslığının təzahürüdür.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər