10 Yanvar 14:10
1 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Azərbaycanla sülh sazişinin imzalanmasını və əməkdaşlığı arzulayırsa, ölkəmizə qarşı beynəlxalq aləmdə çirkin təbliğatdan əl çəkməlidir

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Azərbaycan və Ermənistan arasındakı son gəlişmələrə diqqət çəkib:

“Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvanda yunan həmkarıyla görüşdən sonra mətbuat konfransında bildirib ki, ölkəsinin Azərbaycanın kommunkasiya xətlərindən istifadə etmək imkanı olmalıdır. “Sülh yalnız atəşkəsdən ibarət olmamalıdır” deyən erməni nazir sərhədlərin açılmasının, insanlar və məhsulların kommunikasiya xətləri ilə keçid imkanlarının vacib olduğunu vurğulayıb.

Mirzoyan mövzuyla bağlı sözlərinə bunları da əlavə edib: “Ermənistanın blokadasının davamı şəraitində sülh mümkün deyil. Əgər Azərbaycan Ermənistanın kommunikasiya imkanlarından istifadə edəcəksə, Ermənistan da Azərbaycanın kommunkasiya imkanlarından istifadə etmək hüququna malik olmalıdır”.

Mirzoyanın söylədiklərində qeyri-adi heç nə yoxdur. Aydındır ki, Azərbaycan Zəngəzur dəhlizindən istifadə edərsə, Ermənistan da eyni dəmir yolu ilə Rusiya və Mərkəzi Asiya bazarlarına çıxış imkanı əldə edə bilər, hətta Ələt limanının imkanlarından istifadəsi də mümkündür. Ancaq bunun üçün Azərbaycan vətəndaşlarının Zəngəzur dəhlizindən yoxlamadan keçmədən istifadə imkanları olmalıdır”.

Elxan Şahinoğlu qeyd edib ki, İrəvan hərtərəfli sülhün vacibliyindən danışarkən, gələcək sülhə təhlükə yaradan həmləyə hazırlaşır:

“Ermənistanın ədliyyə naziri Qriqor Minasyan mətbuat konfransında bildirib ki, Ermənistan Roma Statutu vasitəsilə Azərbaycana qarşı “hərbi cinayətlərin araşdırılması”na çalışacaq. Erməni nazirin sözlərinə görə, Ermənistanın istintaq orqanları Azərbaycana qarşı proseslərə beynəlxalq prokurorları cəlb edəcək. Deməli, Ermənistan bir tərəfdən Azərbaycanla sülh sazişi imzalayacaq, digər tərəfdən beynəlxalq səviyyədə bizə qarşı iddialar qaldıracaq. Bu sülh yox, növbəti qarşıdurmanın anonsudur.

Belə bir durumda Bakıdan İrəvana iki mesajın göndərilməsinə ehtiyac var. Birincisi, Ermənistan Azərbaycanla sülh sazişinin imzalanmasını və əməkdaşlığı arzulayırsa, ölkəmizə qarşı beynəlxalq aləmdə çirkin təbliğatdan əl çəkməlidir. İkincisi, Ermənistan beynəlxalq aləmdə Azərbaycana qarşı çirkin təbliğatdan imtina etməsə, Azərbaycan da əlində olan sübut və rəqəmlərlə işğal dövründə Ermənistanın törətdikləri cinayətləri müxtəlif təşkilatların gündəminə daşıyacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər