3 Fevral 15:52
1 832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan əhalisinin əksəriyyəti yeni Konstitusiyanın lehinə səs verəcək.

Teleqraf.com xəbər verir ki, bunu “Vestnik Kavkaza”nın analitiki Andrey Petrov deyib.

“Azərbaycan birbaşa Ermənistan Konstitusiyasından Müstəqillik Aktına istinadın çıxarılması məsələsini qaldırır. Tələb məntiqlidir, çünki bunsuz dövlətlər arasında sülh müqaviləsinin imzalanması lüzumsuz hüquqi konflikt yaradacaq. Həmçinin Paşinyanın bununla razılaşdığını görürük ki, bu da Ermənistanın Azərbaycanla münasibətlərini nizamlaması baxımından müsbət gəlişmədir. Bundan əlavə, Paşinyan Konstitusiyanı özü üçün də yenidən yazmaq fürsətindən istifadə edəcək, onun cəmi 48 yaşı var və hakimiyyətdən əl çəkməyi planlaşdırmır”, - ekspert bildirib.

Petrovun sözlərinə görə, Ermənistanda Konstitusiya islahatı elə aparıla bilər ki, Nikol Paşinyan yaxın 30 ildə ölkəni məsələn, prezident kimi sakit idarə etsin. Bundan başqa, ekspert iddia edir ki, İrəvan Türkiyə ilə sərhədləri açmaq üçün yol axtarır və bu, Azərbaycanla sülh müqaviləsi olmadan mümkün deyil.

“Ermənistan əhalisinin əksəriyyətinin yeni Konstitusiyanın lehinə səs verəcəyini proqnozlaşdırmaq olar. Azərbaycan torpaqlarına iddialardan əl çəkmək Ermənistanda revanşist siyasətin yenidən başlaması şansını azaldacaq, insanlar indi müharibənin bölgəyə qayıtmaması və hər kəsin sülh və əmin-amanlıq şəraitində yaşamasını istəyirlər. Əlbəttə, millətçilər buna müqavimət göstərməyə çalışacaqlar, amma Paşinyan öz vasitələrindən onlara qarşı istifadə edəcək, Ermənistanın irəliləməsinə əngəl yaradan əsas maneə kimi erməni millətçiliyini göstərəcək”, - Petrov bildirib.

Ermənistan Konstitusiyasında istinad olunan Müstəqillik Aktında Azərbaycana qarşı ərazi iddiası var.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər