Aprelin 5-də Brüsseldə Avropa Birliyi və ABŞ ilə keçiriləcək görüş və burada veriləcək qərar Ermənistana zərərdən başqa heç nə gətirməyəcək.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Vahe Ovannisyan deyib.
“Erməni xalqı ayın 5-də baş tutacaq görüşdən böyük bir mənasız gözlənti içindədir. Böyük əksəriyyət görüşün nə olduğunu, iştirakçıların kim olduğunu belə bilmir, amma tariximizdə tez-tez baş verdiyi kimi, irrasional gözləntilər ağıl üzərində qalib gəlir.
Rusiya Xarici İşlər Nazirliyi və ABŞ Dövlət Departamentinin ötən həftəki bəyanatları Ermənistanın rəsmi olaraq Qərb-Rusiya münaqişəsinin mərkəzində yer aldığını təsdiqləyir. Kiçik ölkəmiz dünya güclülərinin təlim meydançasına çevrilib. Erməni xalqı bunu anlamır, amma böyük ehtimalla bunun nəticəsini görəcək və hiss edəcək”, - ekspert bildirib.
Ovannisyanın iddiasına görə, Brüssel görüşü Ermənistanın Rusiya və İranla münasibətlərinə mənfi təsir edəcək:
“Ayın 5-də erməni xalqına Rusiya və İrana qarşı soyuq münasibət müqabilində “Qərb konfeti” təklif olunacaq. Həmin “konfet” yerinə yetirilməyəcək pul vədi və başqa “yaxşı şeylər” şəklində olacaq. İtkilər də bundan sonra ola bilər.
Görüşdən əvvəl ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng vuraraq onu arxayın etdi ki, yalnız iqtisadi məsələlər müzakirə olunacaq”.
Politoloq Qərbin yeni qurbanının Ermənistan olduğunu düşünür, onun fikrincə, baş verənlər ölkəsi üçün yeni və daha ağır itkilərlə nəticələnəcək.